"Ümummilli
lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından
sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik
təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə
başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və
təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq
böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına
çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə
şaxələndirilir, "Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. "Made
in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır.
Artıq bu brend bu gün dünyada şöhrət qazanır.” Aprelin 17-də Yevlaxda qeyri-neft
ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı möhtərəm Prezidentimiz
İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkəmizin son dövrlər qeyri-neft
sahəsi üzrə böyük uğurlar əldə etdiyini təsdiqləyir.” Bunu KİV-ə
açıqlamasında YAP Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə
qeyd edib ki, bu gün iqtisadi inkişaf statistik rəqəmlərdə də özünü aydın
şəkildə göstərir: "Belə ki, yanvar-mart aylarında iqtisadiyyatın qeyri-neft
sektoru 2,4 faiz artıb. Qeyri-neft sənayesi 2, kənd təsərrüfatı isə 3,5 faiz
artıb. Ticarət dövriyyəsi 15, ixrac 50 faizə yaxın artıb, idxal isə 17 faiz
azalıb. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının ixracı 44 faiz artıb.
Göründüyü kimi, ölkəmiz demək olar ki, iqtisadiyyatın bütün sahələrində öz
inkişaf tempini qoruyub saxlayıb.”
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, iqtisadiyyatın inkişafına təkan verən əsas amillərdən biri münbit investisiya mühitinin yaradılmasıdır: "Bu gün ölkəmizdə kifayət qədər əlverişli investisiya mühiti yaradılıb. Hazırda istər yerli, istərsə də xarici sərmayədarlar iqtsadiyyatın müxtəlif sahələrinə böyük həcmdə investisiyalar yatırırlar. Möhtərəm Prezidentimiz İlham Əliyev də qeyri-neft ixracatçılarının respublika müşavirəsində vurğulayıb ki,Azərbaycanda gözəl investisiya mühiti mövcuddur. Son illər ərzində 200 milyard dollardan çox sərmayə cəlb edilib. Təbii ki, bu və digər müsbət işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin dünyadakı imicini daha da möhkəmləndirir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu iqtisadiyyatımızı rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında 37-ci yerə layiq görüb.”
"İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlət başçısı ölkəmizə daha çox sərmayənin cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə məmurlar, yerli icra orqanları qarşısında mühüm vəzifələr qoyub: "Möhtərəm Prezidentimizin tapşırığı ilə həyata keçirilən mühüm tədbirlər nəticəsində ölkəmiz öz iqtisadi potensialını şaxələndirib. Artıq qeyri-neft sektoru iqtisadiyyatın 65 faizini təşkil edir. Buna baxmayaraq qarşıda duran əsas vəzifələrdən biri ixracda şaxələndirmənin təmin edilməsidir. "Yerli icra orqanları da bu məsələni daim diqqətdə saxlamalıdırlar. Gələcəkdə yerli icra orqanlarının fəaliyyətinə veriləcək qiymət, eyni zamanda, bu amilə də əsaslanacaqdır - bu və ya digər rayona nə qədər sərmayə gətirilib. Yerli icra orqanları mərkəzi icra orqanları ilə birlikdə bu işləri təşkil etməlidirlər” deyən möhtərəm Prezidentimiz bununla yerli icra orqanları qarşısında mühüm vəzifələr qoydu. Hesab edirəm ki, yerli icra orqanları bu işdə daha məsuliyyətli olmalı və qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə həyata keçirməlidirlər. Çünki möhtərəm Prezidentimizin vurğuladığı bu tezislər gələcək inkişaf strategiyasının prioritetləridir.”