Vüqar Rəhimzadə: “Suriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur”

Vüqar Rəhimzadə: “Suriya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur”
SİYASƏT
15:59 14.07.2025
284
Bu gün "Hədəf” verilişinin qonağı olan Milli Məclisin deputatı Vüqar Rəhimzadə Suriya-Azərbaycan münasibətlərindən danışıb.
 
AZXEBER.COM xəbər verir ki, deputat bildirib ki, Suriyanın həyatında yeni bir mərhələ başlayır. O qeyd edib ki, Suriya təkcə Yaxın Şərqdə deyil, ümumiyyətlə dünyada və regionda baş verən yeni çağırışlara adekvat yanaşma tərzi formalaşdırmaq və müasir dövrə uyğun siyasət yürütmək istiqamətində ciddi addımlar atır.

Vüqar Rəhimzadənin fikrincə, Bəşər Əsədin hakimiyyəti dövründə Suriyanın region ölkələri ilə münasibətləri arzuolunmaz səviyyəyə düşmüşdü və bu, bir sıra qarşıdurmalara səbəb olmuşdu. Yeni prezident Əhməd əş-Şaraanın hakimiyyətə gəlməsi isə Suriyanın xarici siyasətində ciddi dəyişikliklərə yol açıb. Müasir dünyanın çağırışlarına uyğun olaraq, ölkə siyasi kursunu yenidən müəyyənləşdirir.

Deputat Suriyanın dövlət başçısının Azərbaycana səfərini xüsusi önəm daşıyan, yaddaqalan və strateji əhəmiyyətli bir hadisə kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycanla Suriya arasında tarixi əlaqələr mövcuddur və bu münasibətlər, Bəşər Əsədin dövründə soyuq bir mərhələyə keçsə də, yeni rəhbərliklə birlikdə bərpa olunur.

"Suriyanın bərpa prosesində Azərbaycanın iştirakı məsələsi də müzakirə olunub. Bu istiqamətdə fikir mübadilələri aparılıb. Enerji sektorunda əməkdaşlıq imkanları yaranır və bu, gələcək münasibətlərin inkişafında mühüm rol oynayacaq,” – deyə Vüqar Rəhimzadə bildirib.

O əlavə edib ki, Azərbaycan və Suriya arasında mədəni, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlıq perspektivləri mövcuddur. Bu münasibətlərin yaxın müddətdə daha da inkişaf edəcəyi gözlənilir.
 
Oksana Orucova
OXŞAR XƏBƏRLƏR