Vyetnamın mərkəzini vuran "Vutip" qasırğası güclü daşqınlara səbəb olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Vyetnamın mərkəzində güclü daşqınlara səbəb olan "Vutip" qasırğası 3 nəfərin həyatına son qoyub.
Vyetnam Xəbər Agentliyinin şənbə günü verdiyi məlumata görə, Quang Tri əyalətinin Trieu Phong rayonunda daşqınla mübarizə zamanı iki nəfər ölüb, bir nəfər isə Hai Lanq rayonunda boğulub.
Qonşu Quang Binh əyalətində axtarış-xilasetmə qrupları hava şəraiti yaxşılaşdıqca əməliyyatlarını genişləndirir, 4 nəfər isə hələ də itkindir.
21 min hektardan çox çəltik sahəsinin, minlərlə hektar tərəvəz və akvakultura gölməçələrinin su altında qaldığı, on minlərlə ev quşunun da tələf olduğu bildirilir.
Şiddətli daşqınlarda alçaq və dağlıq ərazilərdəki evlər su altında qalıb, nəqliyyatın hərəkəti dayandırılıb və insanlar təxliyə edilməli olub. Çaylarda suyun səviyyəsinin yavaş-yavaş azalmağa başladığı bildirilir.
Gülay