Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında 700 bal toplayan abitiruyentlərin daha birinin adı məlum olub.
AZXEBER.COM-un AzVision.az-a istinadən məlumatına görə, Xaçmaz şəhər Akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin şagirdi Jalə Rəcəbova II ixtisas qrupu üzrə rekorda imza ataraq 700 bal toplayıb.
Jalə Rəcəbova bildirib ki, 700 bal toplayacağını ondan başqa hamı gözləyirdi:
"700 toplamaq bir az şans işi olduğuna görə, özümü əvvəldən ümidləndirmək istəmirdim, amma minimum 680 bal toplayacağıma söz vermişdim. Həmin anda nə hiss etdiyimi bilmirəm, belə vaxtlarda adətən sakit oluram, sevinsəm də büruzə vermirəm. Amma məni sevindirən əsas ailəmin - anamın, atamın, bacılarımın sevinməsi oldu. Birinci sinifdən əlaçı olmuşam, 9-cu sinfi qırmızı şəhadətnamə ilə bitirmişəm".