21:10 Cümə Axşamı, 14 Noyabr 2019
Maqazin

Xalq artisti Miri Yusif ölkənin ən böyük səhnəsində konsert verəcək: Tarix açıqlandı

15:04, 04.11.20194949
Xalq artisti Miri Yusif ölkənin ən böyük səhnəsində konsert verəcək: Tarix açıqlandı
Azərbaycanın Xalq artisti Miri Yusif yeni solo konsertinin tarixini öz Instagram səhifəsində elan edib.
 
AZXEBER.COM xəbər verir ki, konsert 2020-ci il mayın 24-də baş tutacaq.
 
Solo konsert ölkənin ən böyük və nüfuzlu səhnəsində - "Baku Crystal Hall”da keçəcək.

Əslində bu gözlənilən hal idi. Çünki dinləyicilərin hədsiz sevgisini qazanan Miri Yusif illərdir ölkənin ən böyük konsert salonlarını nəinki 1 hətta 3 günlük konsertləriylə fəth etməyi bacarmışdı. Və bu heç də təsadüfi deyil. Sənətçini əminliklə ən böyük tələbat duyulan, 2010-cu illərin əsas ulduzu adlandırmaq olar.

Xatırladaq ki, Miri Yusif şou-biznes aləminə 2010-cu ildə solo ifaçı kimi qayıdıb. Sənətçinin mahnıları kimi, qayıdışı da qeyri-adi idi. Çünki o bu dəfə səhnələrin "əsas girişi” hesab edilən televiziya və radiodan deyil, "gizli qapı” sayılan – YouTube və sosial şəbəkələrdən istifadə etmişdi. Və qayıdış sübut etdi ki, televiziya və radioya vurğu etmədən də ulduza çevrilmək olar.

Şübhəsiz, onun uğuru şou-biznes aləmində yeni dövrün başlanmasına işarə edən bir siqnal idi: tamaşaçının yeni qəhrəmana ehtiyacı var. Və Miri Yusif hər detalda özünü göstərən fərqliliyi ilə belə bir qəhrəman olduğunu təsdiqlədi.

Bu gün Miri Yusif Azərbaycanın Xalq artistidir və bunun özü də görünməmiş hadisədir, desək yanılmarıq. Çünki sənətçi cəmi 1 il öncə "Əməkdar artist” fəxri adına layiq görülmüşdü. Düz 1 il sonra isə xalqın sevgisi onu yeni bir zirvəyə yüksəltdi.

"SS Production” şirkətinin təşkilati dəstəyi ilə baş tutacaq yeni konsert proqramı Miri Yusifin solo karyerasının 10 illiyinə həsr ediləcək. Bu illər ərzində müğənni bir-birindən uğurlu altı albom buraxıb. Həmin albomlara daxil edilmiş mahnıların, demək olar, hər biri hitə çevrilib.

Konsertin Təşkilat Komitəsi artistin növbəti şousunun bütün detallarını vaxtından əvvəl açıqlamasa da əminliklə demək olar ki, bu, möhtəşəm şou olacaq. Konsertdə Miri Yusifin son on ildəki ən sevilən, ən bəyənilən, dillər əzbəri olan mahnıları səslənəcək. Və bütün bu mahnılar tam yeni, özəl və parlaq xüsusi effektlər, gözəl dekorasiyalar, möhtəşəm installyasiyalar, ən əsası isə, müğənninin inanılmaz energetikası ilə müşaiyət olunacaq.

Konserti intizarla gözləyən fanatlara səbr, Miri Yusifin özünə isə bu möhtəşəm şouda uğurlar arzulayırıq!

Biletlər artıq satışdadır!
XƏBƏR LENTİ