Qonşu ölkələrimizdən biri olan İranın Azərbaycana qarşı qarayaxma kampaniyaları aparmasının dəfələrlə şahidi olmuşuq. Üzdə qardaş deyib, arxada müxtəlif oyunlardan çıxan üzdəniraq qonşumuz yenə də öz yersiz fikirlərindən əl çəkmək istəmir. Ən pisi də odur ki, bu cür fikirlər İranın rəhbər şəxsləri tərəfindən də irəli sürülür. İranın Ali Dini Lideri Ayətullah Xameneinin son tviti də Azərbaycanın əldə etdiyi uğurları bir çoxlarının həzm edə bilməməsini nümayiş etdirdi. Fikir verin, Xamenei deyib ki, Qarabağın Azərbaycana geri dönüşündən xoşbəxtlik hissi keçiririk. Daha sonra qeyd etdiyi isə bu xoşbəxtliyin əslində dırnaq içərisində yazılmasının vacibliyini göstərir. "İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İslam Cümhuriyyəti buna qarşı çıxacaq, çünki bu sərhəd minlərlə illik bir əlaqə yoldudur”.
Ali dini lider bu cür fikirlər səsləndirməklə, Ermənistanla əlaqələrinin tarixini göstərməklə, əslində İslam adı altında çadralanaraq çirkin niyyətlərini həyata keçirməyə çalışdıqlarını göstərir. Elə 44 günlük Vətən müharibəsi dövründə İranın Ermənistana silah yardımı göstərməsi bütün deyilənlərin sübutu idi ki, bu gün də niyyətlərini açıq-aydın büruzə verdiklərinin fərqində deyillər.
Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı önəmli nüanslara toxunub.
Deputat qeyd edib ki, İranın Ali Dini Lideri Paşinyanın, Sarkisyanın söylədiyi fikirləri təkrar edir:
"İranın Ali Dini Lideri Ermənistanın mövqeyini ifadə edən, Ermənistan ictimaiyyətinə xoş gəlmək üçün səsləndirdiyi fikirlərdir. Bu, üzücüdür ki, İranın dini lideri müsəlmanların xoşuna gəlmək istəmir. Müsəlmanların faydasına, marağına olan məsələni gündəmə gətirmir, 3 milyonluq erməninin faydasına olan məsələni gündəmə gətirir. Onların simpatiyasını qazanmaq üçün çalışır. Azərbaycan seqmentində insanları incidən, narahat edən də məhz budur. Əslində bu, dərindən araşdırılsa, İranın öz maraqlarına belə ziddir. Çünki İran və Ermənistanın yolunu kimsə bağlamır. Kommunikasiya xətləri nə qədər açıq olsa, İranın da xeyrinədir. İndi Zəngəzur dəhlizi açılanda İran da oradan yükünü daşıyacaq. İran özü izolyasiyada, təcriddə olan ölkədir. Buna mane olacaqsa, özü əziyyət çəkəcək.
Deputat deyib ki, Azərbaycan hər zaman İranla mehriban qonşuluq siyasəti aparıb:
"Azərbaycan İranla normal qonşuluq münasibətləri davam etdirməyə maraqlı ölkədir. Bunun üçün də İranı hansısa formada incidəcək bir layihə də həyata keçirmək niyyətində deyil. Azərbaycan özünün bir parçası ilə - Naxçıvanla iqtisadi, kommunikasiya əlaqəsini yaratmaq üçün addım atırsa və İran buna mane olmağa çalışırsa, bu, o deməkdir ki, İran erməni maraqlarına daha çox üstünlük verir. Bunu İranın sıradan bir siyasətçisi söyləsə, bunun üstündən keçmək olar ki, başa düşmür. Amma İranın Ali Dini Lideri müsəlman marağını qoyub erməni marağından danışırsa, bu, çox üzücüdür. Mən hesab edirəm ki, burada İranın siyasət adamları da bu məsələ üzərində düşünməlidilər ki, bu cür açıqlamalar bizim normal qonşuluq və dostluq münasibətlərimizə ziyan vura bilər. Belə açıqlamalardan yayınmaq lazımdır. Biz İranın əleyhinə hər hansı bir layihə gerçəkləşdirmək, hansısa layihənin içərisində yer almaq fikrimiz yoxdur. Yolun açılması da hamımızın marağına uyğundur. Ona görə də bu çox üzcüdür və acınacaqlıdır ki, həmin İranın Ali Dini Lideri Xamenei Paşinyanın, Sarkisyanın söylədiyi fikirləri təkrar edir”.
Aydın Nuri