Son illərdə Azərbaycanda bir çox gənc daha yaxşı təhsil və perspektiv üçün xarici ölkələrə üz tutur. Lakin ölkəyə qayıtdıqdan sonra bəzi hallarda onların diplomları tanınmır.
Təhsil Nazirliyinin və müvafiq qurumların məlumatına görə, bəzi ölkələrdən alınmış təhsil sənədləri Azərbaycanda rəsmi olaraq tanınmır və bu da tələbələrin iş tapmaq və ya magistratura pilləsinə keçid imkanlarını məhdudlaşdırır.
Eyni zamanda iş tapmaqda çətinliklərlə üzləşir.
Araşdırmalar göstərir ki, Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan, Şimali Kipr və bəzi Avropa ölkələrinin bəzi universitetlərinin diplomları ölkəmizdə tanınmır. Digər ölkələrdən alınan təhsil sənədlərinin tanınması isə uzun prosedurlar tələb edir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli AZXEBER.COM-a açıqlamasında deyib ki, insanlar düşünür ki, istənilən universitetdə oxumaq avtomatik olaraq diplomun tanınması deməkdir:

"Xaricdə təhsil alan bəzi şəxslərin diplomlarının Azərbaycanda tanınmamasının əsas səbəbi həmin şəxslərin "xaricdə oxudum, diplom aldım” prinsipi ilə yanaşmasıdır. Yəni insanlar düşünür ki, istənilən ölkədə, istənilən universitetdə oxumaq avtomatik olaraq diplomun tanınması deməkdir. Amma reallıqda diplomun tanınması üçün təhsilin keyfiyyəti, universitetin statusu, tədris forması və qanuni prosedurlar tam uyğun olmalıdır. Ən çox rast gəlinən problemlərdən biri odur ki, bəzi şəxslər akkreditasiyası olmayan, beynəlxalq reytinqi və nüfuzu zəif olan ali məktəblərə üz tutur. Hətta bəzi hallarda universitet rəsmi olsa belə, proqram və ixtisas uyğun gəlmir, yaxud təhsil forması Azərbaycan qanunvericiliyinə uyğun sayılmır. Xüsusilə distant (onlayn) və qiyabi təhsil məsələsində insanlar çox yanılırlar. Çünki bir sıra ölkələrdə bu sistemlər daha sərbəstdir, amma Azərbaycanda diplomun tanınması üçün təhsilin təşkil olunma forması ciddi şəkildə yoxlanılır”.
Ekspert deyib ki, digər mühüm məsələ təhsil müddətidir:
"Bəzi şəxslər real olaraq təhsil almadan, formal şəkildə universitetə qəbul olub qısa müddətdə diplom əldə edir. Bu zaman ölkəyə qayıdanda diplomun tanınmaması tam təbiidir. Çünki tanınma prosesi sadəcə kağız üzərində yox, real təhsil prosesinin olub-olmamasını da araşdırır. Həmçinin diplomun tanınmaması bəzən ixtisas uyğunsuzluğu ilə bağlı olur. Məsələn, xaricdə "idarəetmə” adı altında oxuyur, amma proqramın məzmunu Azərbaycandakı standartlara uyğun gəlmir və nəticədə həmin ixtisas ekvivalent hesab edilmir. Bu da tanınma prosesinə təsir edir”.
Əmrah Həsənli qeyd edib ki, insanlar isə xaricdə təhsil almağa qərar verəndə mütləq şəkildə əvvəlcədən araşdırma aparmalıdırlar:
"İlk növbədə universitetin rəsmi akkreditasiyası olmalıdır və həmin ölkənin təhsil sistemində tanınmalıdır. Təhsil alınacaq ixtisasın Azərbaycanda ekvivalentinin olub-olmaması da öncədən dəqiqləşdirilməlidir. Təhsil forması -gündəlik, əyani təhsil üstünlük təşkil etməlidir. Çünki sonradan "bilmirdim, mənə belə dedilər” demək artıq problemi həll etmir. İnsanlar xaricdə təhsil alarkən sadəcə diplom yox, bilik və peşəkarlıq qazanmağa fokuslanmalıdır. Çünki diplomun tanınması sadəcə prosedur məsələsi deyil, dövlətin təhsildə keyfiyyəti və şəffaflığı qoruma mexanizmidir. Bu, həm ölkə daxilində ədaləti qoruyur, həm də saxta və keyfiyyətsiz diplomların qarşısını alır”.
Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında bildirib ki, xaricdə təhsil alan tələbələri diplomlarının ölkədə tanınmamasının bir neçə səbəbi var:

"Xaricdə təhsil alan tələbələri diplomlarının ölkədə tanınmamasının bir neçə səbəbi var. Bunların ən başlıcası əvvəlcədən kifayət qədər araşdırma aparılmamasıdır. Elm və Təhsil Nazirliyi, onun tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bununla bağlı maarifləndirmə işləri görürlər. Diplomları tanınan universitetlərin siyahısını nazirlikdən və aidiyyəti qurumlardan əldə etmək mümkündür. Təəssüf ki, bir çox valideynlər və tələbələr xaricdə universiteti seçərkən öncədən araşdırma aparmırlar”.
Ekspert qeyd edib ki, xaricdə təhsil şirkətlərinin hamısı şəffaf işləmir:
"Xaricdə təhsil şirkətlərinin hamısı şəffaf işləmir. Aralarında müəyyən qeyri-qanuni yollarla fəaliyyət göstərənlər də mövcuddur. Bu barədə hüquqi orqanların açıqlamalarını oxumuşuq və onlara tətbiq olunan cəzaları bilirik. İxtisas seçimi nəticələri açılandan sonra, bəzən tələbələr düzgün qərar verə bilmədiklərini görür və həmin mərhələdə bəziləri öz "bizneslərini” aktiv şəkildə təqdim edirlər. Bu, xüsusilə valideynlər arasında tələsik və emosional qərarlara səbəb olur.
İkinci səbəb isə xarici universitetlərin adının cəmiyyətdə yüksək qiymətləndirilməsidir. Məsələn, Türkiyə və digər qonşu ölkələrdə təhsil keyfiyyəti güclü olan universitetlər var, amma hamısı deyil. Bəzən valideynlər, hətta yüksək bal toplayaraq yerli universitetlərə qəbul olan uşaqlarını xaricdə az bal toplamış tələbələrlə müqayisə edirlər. Bu isə uşaqlarda psixoloji travmaya səbəb olur”.
Elmin Nuri bildirib ki, hazırda bu məsələlər ciddi və sistemli şəkildə tənzimlənir:
"TKTA tərəfindən xaricdə təhsil alan şəxslərin bilik səviyyəsi yoxlanılır, lazım gəldikdə imtahanlar götürülür. Məsələn, xarici ölkədə təhsil almış tələbələr həmin ölkənin dili və əsas bilikləri ilə bağlı müəyyən biliklərə sahib olmalıdır. Biz Azərbaycan vətəndaşı olaraq aldığımız təhsil barədə məlumatların ölkəmizin əmək bazarında keçərli olmasını təmin etməliyik”.
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc edilib.