Xaricdə oxumaq istəyənləri Gənclər Fondu maliyyələşdirəcək

Xaricdə oxumaq istəyənləri Gənclər Fondu maliyyələşdirəcək
SOSİAL
17:55 23.05.2019
3816

Gənclər Fondu bu gündən etibarən Azərbaycan gənclərinin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib.

Bununla bağlı keçirdiyi mətbuat konfransında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, ixtisas və təhsil proqramları üzrə ölkənin ehtiyacları, əmək bazarının tələbatına uyğun olaraq Fond öz vəsaiti hesabına gənclərin Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas üzrə magistr təhsilini maliyyələşdirəcək: "Həmçinin, ABŞ və Böyük Britaniyanın ən yaxşı 100 universitetində magistr pilləsi üzrə təqaüd qazanmış gənclərin nəqliyyat və yaşayış xərcləri Gənclər Fondu tərəfindən maliyyələşdiriləcək".

F.Cəfərov deyib ki, müsabiqədə iştirak etmək istəyən 16-29 yaş arasında Azərbaycan Respublikasının vətəndaşları magistr təhsil pilləsi üzrə prioritet ixtisaslara qeyd edilən universitetlərdən hər hansı birinə qəbul olaraq müraciət edə bilərlər. Müsabiqəyə müraciətlər iyunun 23-ü saat 18:00-dək qəbul olunur. Müraciət etmək istəyən gənclər Gənclər Fondunun rəsmi saytında qeydiyyatdan keçib kod və şifrə əldə etdikdən sonra saytın "Elektron xidmətlər” bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər".

Qeyd edək ki, təqaüdçülər yalnız Fond tərəfindən qeyd edilən ölkələr və elan edilən prioritet ixtisas istiqamətləri üzrə müraciət edən müraciətçilər sırasından seçilir. Fond tərəfindən elan edilən ölkə və prioritet istiqamətlər üzrə artıq xaricdə təhsil alan müraciətçilər, Gənclər Fondunun Müşahidə Şurasının Q-03 Qərarının 3.5-ci bəndinə uyğun olaraq, təhsil aldıqları xarici ali təhsil müəssisəsində cari müvəffəqiyyət dərəcəsinin orta balı 5 ballı sistem üzrə 4 bal və ya bundan yuxarı olduğu (və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalenti üzrə) təqdirdə sənədləri müsabiqədə iştirak üçün qəbul ediləcək.


OXŞAR XƏBƏRLƏR