"Xəbər saytlarının bloklanması demokratiyaya, plüralizmə zidd addımdır"

"Xəbər saytlarının bloklanması demokratiyaya, plüralizmə zidd addımdır"
MEDIA
15:11 14.04.2022
893
Birləşmiş Millətlər Təşkilatının 1948-ci ildə qəbul edilmiş Ümumdünya İnsan Hüquqları Bəyannaməsində deyilir: "Hər kəsin fikir və ifadə azadlığı hüququ var. Bu hüquq müdaxilə olmadan fikir yürütmək azadlığına, məlumat və fikirləri istənilən media vasitəsi ilə axtarmaq, almaq və yaymaq azadlığına təminat verir”.
 
Bu fəlsəfə elmi tədqiqat, elmi azadlıq, nəşr və mətbuat azadlığının müxtəlif dərəcələrini təmin edən qanunvericiliklə müşayiət olunur. Amma məlumat, söz azadlığı bütün dünyada eyni deyil. Bəzi ölkələr bu söz azadlığının olmaması problemindən hələ də əziyyər çəkir. Həmin ölkələrdən biri də qonşuluğumuzda yerləşən Rusiyadır. Araşdırmalar göstərir ki, şimal qonşumuz da mətbuat və söz azadlığı problemi daha qabarıq olan ölkələrdəndir. Rusiyada Kütləvi İnfomasiya Vasitələrinin əksəriyyəti dövlət nəzarəti altındadır.

Görünən odur ki, bu problem son dövrlər daha kəskin hal alıb. Elə yaxın günlərdə Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən Azərbaycanın Oxu.Az saytına Rusiya ərazisində blok qoyulması qərar verilib. Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur. Bundan başqa Rusiyada Azərbaycanın "Baku.ws”, "haqqın.az” və "minval.az” saytlarına da giriş məhdudlaşdırılıb. Bu cür addımların atılması Rusiyada mətbuat azadlığı məsələsinin hansı durumda olmasından xəbər verir. 
 


Rusiyanın verdiyi bu qərarla bağlı "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı AZXEBER.COM-a fikirlərini bildirib.

O, qeyd edib ki, bu addım təsadüfi deyil. Rusiya bəzi adamlar vasitəsilə bundan öncə də Azərbaycan mediasına təhdid edib: 

"Bundan əvvəl də Oleq Kuznetsov adlı bir adam var idi, biz onu Qarabağ müharibəsi dövründə çox tərifləyirdik ki, obyektiv mövqe tutub, Azərbaycana qarşı deyil. O da fikir söyləmişdi ki, Rusiyanın Ukraynada apardığı "xüsusi əməliyyata” müharibə deyən və Rusiyanın əleyhinə yazılar verən Azərbaycan kütləvi informasiya vasitələrinin baş redaktorlarına qarşı iş qaldırılacaq. Onlar beynəlxalq axtarışa veriləcək. Soruşulandaki nə əsasla? Bildirmişdi ki, fevral ayında Rusiya və Azərbaycan arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq "qardaşlıq” barədə müqavilə bağlamışıq. Həmin müqaviləyə əsasən Azərbaycanda nə istəsək, edə bilərik. Bu da həmin siyasətin davamıdır. Çünki özünə əmin olan, özünün gördüyü işlərin, atdığı addımların doğru olduğunu bilən və onların doğruluğuna inanan hər hansı bir obyekt və ya subyekt digər fikirləri dinləməkdən qorxmaz. Mən doğruyamsa, mənim haqqımda nə qədər yalan söz söyləyirlərsə, söyləsinlər. Yaxud mənə çamur atırlarsa, o mənə yapışmayacaq, yerə düşəcək. Rusiyanın qorxusu bundan ibarətdir ki, ona qarşı söylənilən hər bir fikir doğrudan da Rusiyaya yapışır və yaraşır. 
 
Elçin Şıxlı deyib ki, oxu.az və digər bloklanan saytlar həqiqəti yazdığı üçün Rusiya bundan narahat olub: 

"Biz Qarabağ müharibəsində heç bir Azərbaycan qanunlarını, hətta beynəlxalq qanunları belə pozmadığımıza görə rahat idik. Çünki biz beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərimiz çərçivəsində öz ərazilərimizi azad edirdik. Buna görə də Rus kanallarının və ya digər kanalların ağzını yumurduq. Çünki bizim işimiz haqq işi idi, amma rusun işi haqq işi deyil. Rus işğalçı siyasət yürüdür. Rus müharibənin səbəbkarıdır və mülki əhalini məhv edir. Şəhərləri yerlə-yeksan edir və təsəvvür edin ki, Mariupol Ağdama bənzəyir. Ermənilər necə Ağdamı yerlə-yeksan etmişdisə, ruslar da o şəhərləri məhv edir. Ona görə də öz gördükləri ayıb işlərin üstünün açılmasını istəmirlər. Ona görə də Oxu.Az və digər saytları  Rusiyada bloklayıblar".
 


"Rusiya Federasiyası tərəfindən Azərbaycanın kütləvi informasiya vasitələri bloklanır”.

Bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin sədri Əflatun Amaşov bildirib.
 
Ə. Amaşov deyib ki, səbəb aydındır: "Azərbaycan KİV-lərinin Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqe Rusiyanı razı salmır.

"Haqqin.az" və "Minval.az" saytından sonra "Oxu.az" saytı da ayrıseçkiliyə məruz qalıb. Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə də əhəmiyyətsiz yanaşmadır. Bu, eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır”.

Mətbuat Şurası İdarə Heyətinin sədri qeyd edib ki, Rusiyanın Azərbaycan KİV-lərinə belə yanaşması iki ölkə arasındakı münasibətlərə, Rusiya və Azərbaycan xalqlarının tarixən formalaşmış əməkdaşlıq ənənələrinə, informasiya mübadiləsi prosesinə hörmətsizlikdir: "Rusiyanın bloklama siyasəti dövlətin öz informasiya məkanını yad elementlərdən təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar. Bu, müstəqillik dövrü Azərbaycan mediasının ruhundan irəli gəlir. Çünki Azərbaycan 30 ilə yaxın müddətdə işğaldan əziyyət çəkib. Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinə, mütərəqqi dairələrinə müraciət edərək Azərbaycan KİV-lərinin bloklanması, yayımlarının məhdudlaşdırılması faktına obyektiv qiymət verməyə çağırır. Bloklama reallıqları qəbul etməmək kimi zəif hərəkətdir. İnanmaq istərdik ki, Rusiya cəmiyyəti bu vəziyyətlə barışacaq qədər zəif olmayacaq, Azərbaycan və Rusiya arasındakı münasibətlərin müsbət ahəng və dinamikasına, mehriban qonşuluq prinsiplərinə zidd təmayüllərə meydan verməyəcək”.
 


Mövzu ilə bağlı tanınmış jurnalist Hacıbəy Heydərli açıqlamasında bildirib ki, Rusiya yenə də xislətindən qalmır:

"Rus təbliğat maşınının aparıcı üzvlərindən olan Solovyovun villaları əlindən alındı, "youtube" kanalları bağlandı, "Sputnik"ə, "Russian Today"a, "lenta.ru"ya Avropada qadağa qoyuldu, sosial mediaları tamamilə fəaliyyətini dayandırdı. Rus xəbər saytlarının sosial media hesablarında belə bir damğa da vurulub: "Bu media qurumu Rusiya hakimiyyətinin nəzarəti altındadır.

Solovyovların başı öz dərdlərinə qarışsa da, Rusiya yenə də xislətindən qalmır. İndi də Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti ("Roskomnadzor”) Azərbaycan mediasına hücumlara başlayıb. "Roskomnadzor" oxu.az saytını Rusiya ərazisində bloklayıb. Oxu.az saytının bununla bağlı açıqlamasında saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur, "Roskomnadzor”un bu addımının qərəzli və qanunsuz olduğu vurğulanır”.

Hacıbəy Heydərli həmçinin qeyd edib ki, Rusiyada yaşayan həmyerlilərimiz, onsuz da hər şeyi gözəl görür və gözəl bilir

"Həqiqətən də çox maraqlıdır, görəsən, 150 milyon əhalisi olan Rusiya azad fikrə niyə bu qədər dözümsüzdür? Özü də oxu.az ən peşəkar və ən obyektiv xəbər saytlarındandır, bu günə qədər bütün xəbərləri fakta əsaslanıb. Bəs Rusiyanı narahat edən nədir? 21-ci əsrdə bu cür zehniyyətlə nəyə nail olmaq istəyirlər? Oxu.az bloklamaqla nə demək istəyirlər? Azərbaycan oxucusu, Rusiyada yaşayan həmyerlilərimiz, onsuz da hər şeyi gözəl görür və gözəl bilir. Rusiya əhalisi də həqiqəti gec-tez anlayacaq, bəlkə də onda gec olacaq”.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin "fikir, söz və məlumat azadlıqlarının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc edilib.
 

 

OXŞAR XƏBƏRLƏR