Son dövrlərdə sosial şəbəkələrdə, xüsusilə "TikTok” platformasında cinsi azlıq nümayəndəsi olan tiktokerlərə pul köməyi üçün müraciət edən kasıb və xəstə vətəndaşların sayı artır.
Bu vətəndaşlar çox vaxt İcbari Tibbi Sığortanın (İTS) nə olduğunu, hansı hallarda və hansı məbləğdə tibbi xidmətlər üçün ödənişsiz və ya güzəştli xidmət əldə edə biləcəklərindən məlumatsız olurlar.
Buna səbəb də İcbari Tibbi Sığortanın (İTS) əhəmiyyətinin düzgün izah edilməməsi və qurumun yardım mexanizmlərinə dair maarifləndirmənin zəif olmasıdır.
Nəticədə sosial media, xüsusilə "TikTok”, onların əsas yardım vasitəsinə çevrilir.
Ağ Partiya sədri Tural Abbaslı AZXEBER.COM-a bildirib ki, burada İcbari Tibbi Sığorta ilə bağlı etibar məsələsi önə çıxır:
"İnsanlar düşünür ki, İcbari Tibbi Sığorta ən yaxşı halda müalicənin bir hissəsini verəcək. Sözügedən prosesdə kifayət qədər bürokratik əngəllər mövcuddur. Məsələn, çoxlu sənəd toplamaq, qeydiyyatdan keçmək və s. prosedurların ağırlığı səbəbindən insanlar həmin xidmətdən kifayət qədər istifadə edə bilmir. Digər tərəfdən isə insanlar bir çox hallarda İcbari Tibbi Sığorta vasitəsilə alınan müalicələrin effektiv olmasına inanmır. Çünki ödənişsiz xidmətlərdə nəzarət və keyfiyyət zəmanəti yoxdur”.
Sədr vurğulayıb ki, insanlar öz istədikləri həkim tərəfindən müayinə olunmaq üçün sosial şəbəkələrə üz tuturlar:
"Sosial şəbəkələr vasitəsilə pul toplanması və həmin məbləğin özəl klinikalarda, etibarlı həkimlərdə və ya xaricdə daha keyfiyyətli tibbi xidmət üçün istifadə olunması insanların daha çox sosial şəbəkələrə meyillənməsinə səbəb olur. Təəssüf ki, sosial şəbəkələrdə bəzən həyat tərzi, yaşayış forması və milli mənəvi dəyərlərimizə uyğun olmayan insanların auditoriyası geniş olur. Bu səbəbdən müraciətlər belə insanlara yönəlir. Burada məqsəd xəstəliyin müalicəsi və ya yardım almaqdır, cinsiyyət və ya həyat tərzi seçimi deyil”.
T.Abbaslı qeyd edib ki, cəmiyyət deqradasiya olunub:
"Digər bir problem isə cəmiyyətin deqradasiya olmasıdır. Niyə insanların diqqətini cinsi azlıq nümayəndələri çəkir? İnsanlar onların canlılarına baxır, onları izləyir və tanıyır. Bu, ayrı bir sosioloji araşdırmanın mövzusu ola bilər”.
Partiya sədri deyib ki, insanlar sosial mediada yardım üçün müraciət edən zaman dövlət qurumları tərəfindən də izlənilir:
"İnsanlar sosial mediada yardım üçün müraciət edən zaman Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığortanın nümayəndələri də görürlər. Lakin aidiyyəti qurumlar problemlərdən uzaq olmaq üçün onları görməzdən gəlir. Nəticədə insanlar problemlərinə çarəni özləri axtarmaq məcburiyyətində qalırlar”.
Şahanə Ziyad











































