Xəzər dənizində zəlzələ aktivliyinin artması regionda diqqət çəkən əsas seysmoloji hadisələrdən birinə çevrilib. Bu təkanların artması tektonik plitələrin hərəkəti və yer qabığında toplanan gərginliyin boşalması ilə əlaqələndirilir. Xəzər hövzəsinin aktiv seysmik zonada yerləşməsi burada təbii olaraq vaxtaşırı zəlzələlərin baş verməsinə şərait yaradır. Mütəxəssislər bu cür aktivliyin davamlı müşahidə edilməsinin səbəblərini araşdırır. Əsas sual isə budur ki, bu proses Azərbaycanda daha güclü zəlzələ riskinin artmasına işarə edib-etmir.
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Fizika insititunun şöbə rəhbəri, seysmoloq Qulam Babayev Demokrat.az-a bildirib ki, son günlər və həftələr ərzində Xəzər dənizində seysmik aktivliyin artması müşahidə olunur:
"Bu, əsasən tektonik plitələrin hərəkəti ilə bağlı təbii prosesdir. Xəzər hövzəsi Alp Himalay seysmik qurşağı üzərində yerləşir və Ərəb plitəsi ilə Avrasiya plitəsinin toqquşma zonasında formalaşır. Nəticədə yer qabığında gərginlik toplanır və bu enerji zamanla boşalaraq zəlzələlər şəklində özünü göstərir. Bu, ümumilikdə normal seysmik dinamikanın tərkib hissəsidir. Son günlər müşahidə olunan aktivliyin səbəbi ehtimal ki, seysmik fırtına ilə bağlıdır. Seysmologiyada bu anlayış bir-biri ilə əlaqəli ardıcıl təkanların artması kimi izah olunur. Xəzər dənizi mürəkkəb tektonik zona kimi səciyyələnir. Burada çoxsaylı qırılma xətləri və tektonik pozuntular mövcuddur. Şimal Xəzər, Orta Xəzər və Cənub Xəzər zonalarında bu aktivlik daha aydın şəkildə müşahidə edilir".
O bildirib ki, bir zəlzələnin digərini stimullaşdırması mümkündür:
"Qonşu qırılma xətləri aktivləşdikdə ardıcıl təkanlar baş verə bilər. Bu proses bəzən afterşoklar şəklində davam edir və yüzlərlə zəif təkan qeydə alına bilər. Bununla yanaşı yeni qırılmaların hərəkəti də əlavə zəlzələlərə səbəb ola bilər. Hazırda qısamüddətli zəlzələ proqnozu vermək elmi baxımdan mümkün deyil. Zəlzələnin vaxtını, gücünü və dərinliyini dəqiq müəyyən etmək hələ də elm tərəfindən təsdiqlənməyib. Mövcud vəziyyət Xəzər dənizində normal seysmik aktivlik kimi qiymətləndirilir".
Seysmoloq deyib ki, Azərbaycan ümumilikdə orta seysmik aktivliyə malik ölkədir:
"Güclü dağıdıcı zəlzələlər istisna xarakter daşıyır, lakin hiss olunan zəif və orta güclü təkanlar baş verə bilər. Belə zəlzələlərin artması mütləq şəkildə böyük zəlzələnin yaxınlaşması demək deyil. Şamaxı İsmayıllı zonasında da son dövrlərdə aktivlik müşahidə olunub və bu prosesin davam etmə ehtimalı qalır. Abşeron yarımadası və Bakı şəhəri üçün də seysmik risk mövcuddur. Xəzər dənizi boyunca aktiv qırılma zonalarının olması bu ərazilərdə təkanların hiss olunma ehtimalını artırır. Şəhər infrastrukturunun inkişafı fonunda risk faktorları dəyişsə də, regionun seysmik zona olması faktı dəyişməz olaraq qalır.
Ümumilikdə Xəzər regionu seysmik baxımdan aktiv bir zonadır və bu səbəbdən hazırlıqlı olmaq vacibdir. Hazırkı aktivlik isə geodinamik proseslərin təbii nəticəsi kimi qiymətləndirilməlidir", - deyə o qeyd edib.











































