'Xəzər Lənkəran'ın biabırçı məğlubiyyəti mütəxəssislərin gözündə - AÇIQLAMA

İDMAN
16:04 26.07.2013
2033

"Xəzər Lənkəran"ın doğma meydanda "Makkabi"yə 0-8 hesabı ilə məğlub olması idman ictimaiyyətinin əsas mövzusuna çevrilib. Futbol mütəxəssizlərimizin məsələ ilə bağlı münasibətini öyrəndik. Ağasəlim Mircavadov və Şahin Diniyev AZXEBER.COM-a biabırçı məğlubiyyətin səbəbləri haqda danışdılar.

Ağasəlim Mircavadov: “Hamı gördü ki, futbolçuların gözləri yanmır, onlar meydançada gəzirlər.”

“Tamaşaçılar arasında belə oyun oynamaq biabırçılıqdır. Hər bir fanat azarkeşliyə gəlir. Lənkəran azarkeşləri hər zaman stadionu doldururlar. Komandanın bu vəziyyətdə oynaması faciədir, dəhşətdir. Oyunu izləyən hamı gördü ki, futbolçuların gözləri yanmır, onlar meydançada gəzirlər. Fikirləri futbolda deyil, başqa yerdədir.

Komanda udar da, uduzar da. Amma məğlubiyyətin də tərzi var. Mən “Xəzər Lənkəran”ın Malta təmsilçisi ilə də oyunlarını izlədim. Onlar həmin oyunlarda da zəif çıxış etdilər. Futbolçular meydanda çox ağır hərəkət edirdilər. Motivasiya olmadığı hiss olunurdu.

Azərbaycanda futbolçuların maaşı şişirdilib. Bütün Azərbaycan futbolunda olduğu kimi, “Xəzər Lənkəran”ın da bu problemi var. Deyirlər ki, futbolçular Toşakı (XL-in baş məşqçisi) istefaya göndərmək üçün bilərəkdən uduzublar. Ancaq mən bu iddiaya inanmıram.”

Şahin Diniyev: “Elə oyunçular var ki, ayın sonunda yüksək maaşını alır və ona komandanın imici maraqlı deyil.”

“Belə məğlubiyyətdən sonra hətta fikir bildirmək də çətindir. Futbolda belə məğlubiyyətlər olur. Əsas olan keçmişlə yaşamaq yox, toparlanmaqdır. Kimin harada səhv etdiyini sağlam düşüncə ilə araşdırmaq, çıxış yolu tapmaq lazımdır.

Günah hamıdadır. Komandanın rəhbərliyindən tutmuş, futbolçularına kimi hər kəs, hətta meydançaya qulluq edənlər, yemək bişirənlər də müəyyən qədər günahkardır. Sadəcə, kimin günahı nə qədərdir, onu müəyyən etmək lazımdır.

Futbolun bir qanunu var: udanda komanda udur, uduzanda isə məşqçi uduzur. Bütün günahı məşqçinin üstünə yıxmaq da düzgün deyil. Kiməsə sərf edir deyə iddia edə bilər ki, futbolçular Toşakın “torbasını tikmək” üçün qəsdən uduzub. Bu fikirlər gülüncdür.

“Xəzər Lənkəran” ilk mərhələdə də zəif oynamışdı. Elə futbolçular var ki, ayın axırını gözləyir. Yüksək maaşını alır, onunçün maraqlı deyil “Xəzər Lənkəran”ın imici və digər məsələlər. Komandaya legioner gətirəndə onu elə istiqamətləndirmək lazımdır ki, komanda ilə yaşasın, onun ağrı-acısına sevinsin. Bunlar komandadaxili psixoloji vəziyyətdən də asılıdır.”

OXŞAR XƏBƏRLƏR