Xəzərdə FACİƏ : Bu dənizdə hansı ağır qəzalar baş verib?

Xəzərdə FACİƏ : Bu dənizdə hansı ağır qəzalar baş verib?
SOSİAL
14:42 25.09.2026
149
Xəbər verdiyimiz kimi, ötən gün yerli vaxtla saat 11:10 radələrində Qazaxıstanın Xəzər dənizindəki hərbi təlimində 17 hərbçini dalğa aparıb. 

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində baş verib. 17 hərbçidən 3-ü xilas edilib, 14-ü isə həlak olub.

Hadisədən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 25-ni ölkədə matəm günü elan edib.

Qeyd edək ki, bu, Qazaxıstanın Xəzər sahilində hərbi təlim zamanı ölümcül hadisə ilə ilk dəfə üzləşməsi deyil. Belə ki, 2015-ci il sentyabrın 18-də Aktau yaxınlığında keçirilən "Mərkəz-2015” hərbi təlimləri zamanı dəniz desantının çıxarılması epizodu həyata keçirilib.
 
 
Təlim zamanı 52 hərbçinin olduğu 6 ədəd BTR-80 zirehli transportyoru dənizə daxil olub. Texnika təxminən 150 metr irəlilədikdən sonra güclü külək və yüksək dalğalar səbəbindən 4 BTR-80 batıb. Nəticədə 4 hərbçi həlak olub.

Bu hadisə Xəzər dənizində müxtəlif illərdə baş vermiş digər ağır qəzaları da yenidən gündəmə gətirib.

AZXEBER.COM Xəzər dənizində müxtəlif illərdə baş vermiş və insan itkisi ilə nəticələnmiş əsas hadisələri araşdırıb.
 
"Merkuri-2”nin batması – 2002

Xəzərdə Azərbaycanla bağlı ən ağır gəmi faciələrindən biri 2002-ci il oktyabrın 22-də baş verib. Azərbaycanın "Merkuri-2” gəmisinin Qazaxıstanın Aktau limanından Bakıya hərəkəti zamanı güclü hava şəraitinə düşərək batdığı bildirilib. Gəmi Bakının təxminən 70-100 kilometrliyində olarkən qəza siqnalı verib və daha sonra onunla əlaqə kəsilib. Hadisə zamanı gəmidə çoxsaylı sərnişin və heyət üzvünün olduğu, insanların böyük hissəsinin itkin düşdüyü barədə məlumatlar yayılıb.

"Günəşli” platformasında böyük faciə – 2015

Xəzərin Azərbaycan sektorunda ən ağır neft-qaz platforması faciələrindən biri 2015-ci il dekabrın 4-də baş verib. SOCAR-ın "Günəşli” yatağının 10 saylı dərin dəniz özülündə güclü qasırğa fonunda qəza və yanğın baş verib. Hadisədən sonra platformadakı işçilərin bir qismi xilas edilib, bir nəfərin öldüyü, çoxsaylı şəxsin isə itkin düşdüyü açıqlanıb. 


 
Rusiyaya məxsus "Palflot-2” tankerində yanğın – 2016

23 aprel 2016-cı ildə Rusiya bayrağı altında üzən "Palflot-2” tankerində Xəzər dənizində yanğın baş verib. Gəmi Azərbaycan istiqamətindən Türkmənistanın Alaca limanına doğru hərəkət edərkən, Türkmənistanın ərazi sularında yanğın baş verib. Hadisə zamanı tankerin 11 nəfərlik heyətindən 10-u xilas edilib, bir nəfər, baş mexanik, həlak olub. Yanğının söndürülməsinə Azərbaycan və Türkmənistanın aidiyyəti qurumları cəlb olunub.

Xəzərdə platforma qəzası – 2016

15 dekabr 2016-cı ildə Azərbaycanın Xəzər sektorunda güclü külək nəticəsində platformalardan birində ağır qəza baş verib. İlkin məlumatlara görə, platformanın bir hissəsi, işçilərin istirahəti üçün istifadə olunan yaşayış kabini ilə birlikdə dənizə düşüb. Hadisədən sonra axtarış-xilasetmə əməliyyatı həyata keçirilib.


 
İranın "Damavand” esminesi qəzaya uğradı – 2018

2018-ci il yanvarın 10-da İran Hərbi Dəniz Qüvvələrinin "Damavand” esminesi Xəzərin İran sahilində, Gilan əyalətində limana daxil olarkən güclü fırtına zamanı dalğaqırana çırpılıb. Hadisə nəticəsində gəmi ciddi zədələnib və sonradan batıb. İran mənbələrinin yaydığı məlumata görə, qəza nəticəsində iki hərbi dənizçi həlak olub.

Mahaçqala limanında tanker partlayışı – 2019

11 iyun 2019-cu ildə Rusiyanın Mahaçqala şəhərində yerləşən Xəzər dənizi limanında tanker partlayıb. Məlumata görə, partlayış mühərrik bölməsində qaz-hava qarışığının alışması nəticəsində baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Xəzərin sahilində yerləşən beş ölkənin tarixində bu kimi hadisələr dənizdə təhlükəsizlik, hava şəraitinin yaratdığı risklər, hərbi təlimlərin təşkili və neft-qaz obyektlərində təhlükəsizlik məsələlərinin daim diqqətdə saxlanmasının vacibliyini göstərir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR