XİN: “Ermənistan rəhbərliyinin status-kvoya güvənməsi böyük yanlışlıqdır”

SİYASƏT
15:10 27.09.2014
888

İyirmi ildən artıq bir müddətdə qonşu Ermənistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı hərbi güc tətbiq edir.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 69-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı bildirib.Nazir deyib ki, Ermənistan 20 faizə yaxın Azərbaycan ərazisini işğal edib, bir milyondan artıq azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirib, Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmayıb. İşğal edilmiş ərazilərdə və Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri dağıdılmaya məruz qalıb.E.Məmmədyarov vurğulayıb ki, Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəs rejiminin pozulması və Azərbaycanın dinc sakinlərinin məqsədyönlü şəkildə hücumlara məruz qoyulması nəticəsində cəbhə xətti yaxınlığında yaşanan sakinlərin ölümü və yaralanması halları baş verir:“Bu yaxınlarda işğal edilmiş ərazilərdə öz qohumlarının məzarını ziyarət edən bir neçə mülki azərbaycanlı əsir götürülərək işgəncələrə məruz qoyulub, onların bəziləri hətta öldürülüb. Məhz bu səbəbdən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərə görə cəzasızlığın sona çatdırılmasında beynəlxalq birliyin daha aktiv mövqe nümayiş etdirməsi zəruridir. Cəzasızlığın qarşısının alınması davamlı sülhün və barışığın təmin edilməsi baxımından əhəmiyyətlidir”.Nazir vurğulayıb ki, iki gün bundan öncə Ermənistanın prezidenti ümumi müzakirələrdə çıxış edərək, faktları və sülh prosesini saxtalaşdıraraq, beynəlxalq hüququn norma və prinsiplərini və bu çərçivədə qəbul edilmiş sənədləri təhrif edərək, BMT Baş Məclisini aldatmağa çalışıb.Onun sözlərinə görə, Ermənistan prezidenti ali prinsip olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini zor tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört-basdır etməyə çalışır:“Onun Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışdığı vəziyyətin BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyinetmə prinsipi didərgin düşmüş azərbaycanlıların Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycan daxilində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur. Biz bu məqsədə sülh yolu ilə nail olacağımıza inanırıq”.Nazir əlavə edib ki, Azərbaycan BMT nizamnaməsində, xüsusilə 51-ci maddədə təsbit olunmuş hüquqlarına xələl gətirmədən münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarıdır:“Ermənistan hökuməti dərk etməlidir ki, digər dövlətin ərazisinin işğal edilməsi həll yolu deyil və onun status-kvoya güvənməsi böyük yanlışlıqdır. Azərbaycan heç vaxt ərazi bütövlüyünü və işğal nəticəsində pozulmuş vətəndaşlarının hüquq və azadlıqlarını güzəştə getməyəcək.Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birmənalı və davamlı dəstəyi ciddi amildir. Bu Ermənistana onu aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul edilməyəcək.Beynəlxalq ictimaiyyət zor tətbiq edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi cəhdlərini qəbul etmir və etməyəcək. Dünya ikili standartları qəbul etməməlidir, əks təqdirdə, bu yanaşma bizi yenidən keçən əsrin qaranlıq dövrlərinə apara bilər. Bu xüsusda, Ermənistanda Azərbaycana qarşı təcavüz və insanlığa qarşı cinayət törətmiş şəxslərin ədalət qarşısına çıxarılmasını və onlara qarşı sanksiyaların tətbiq edilməsinin vaxtı yetişib”.

OXŞAR XƏBƏRLƏR