Bu küçədə hərəkət dəyişir: Sürücüləri nə gözləyir?

Bu küçədə hərəkət dəyişir: Sürücüləri nə gözləyir?
SOSİAL
12:27 28.09.2026
212

Bakının bəzi ərazilərində nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində yeni layihələr həyata keçirilir.

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili planlaşdırılır. Layihə çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması nəzərdə tutulur.

Yeni yol qovşağının istifadəyə verilməsi ilə müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması, kəsişmələrin və gecikmələrin azaldılması, həmçinin 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat hərəkətinin daha səmərəli təşkili gözlənilir. 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, layihə ümumilikdə müsbət addımdır:

"Yaxşı fikirdir. Çünki oradan çıxanların əksəriyyəti, məsələn, Avtovağzal tərəfdən dönüb geri gəlirlər. Düzdür, bu, müəyyən vaxtlarda Xiyabani küçəsini yükləyə bilər. Çünki artıq insanlar oradan çıxmağa çalışacaqlar və ikinci alternativ kimi həmin yoldan istifadə edəcəklər. Yəni Xiyabani küçəsinin yüklənəcəyi birmənalıdır.

 

  

Amma digər tərəfdən, bu, yaxşıdır ki, Xarici Dairəvi Avtomobil Yolunun yükünü azaldacaq. Çünki nəzərə alsaq ki, son illərdə həmin ərazidə çoxlu yeni binalar tikilir, bir müddət sonra orada vəziyyət ümumiyyətlə daha da çətinləşəcək. Ona görə də indidən bu kimi qovşaqların yaradılması, təbii ki, vaxtında atılan addımdır. Ümid edirik ki, gələcəkdə də burada keyfiyyətli işlər görüləcək".

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR