'Xoca' filmi Qırğızıstanda nümayiş etdirildi - VİDEO

DÜNYA
16:10 11.02.2013
1412

Filmin premyerası bütün türkdilli ölkələrdən gənclərin təhsil aldığı Qırğızıstanın ən böyük ali təhsil müəssisələrindən biri olan Manas universitetinin akt zalında baş tutub. ANS PRESS-in xüsusi müxbirinin Bişkekdən verdiyi məlumata görə, V.Mustafayev ekran əsərinin baş prodüseri Mir Şahin Ağayevlə xüsusi olaraq bu filmin nümayişində iştirak etmək üçün Qırğızıstanın paytaxtına dəvət olunublar. Nümayişdən öncə universitetin rektoru, professor Sebahattin Balcı azərbaycanlı qonaqları salamlayıb. O, "Xoca" filmi ilə internet vasitəsilə tanış olduğunu bildirib. S.Balcı çoxsaylı tələbələrin və Azərbaycan diasporunun xahişi ilə filmin premyerasının məhz Manas universititetində baş tutduğunu bildirib. Zala toplaşanlar xeyir və şərin birlikdə hakimlik etdiyi məhəbbət və nifrətdən, mərdlik və satqınlıqdan bəhs edən filmi nəfəslərini dərmədən izləyiblər. Nümayiş bitdikdən sonra tamaşaçılar yarım saat "Xoca"nın yaradıcılarını alqışlayıblar.Filmin nümayişindən bir müddət sonra universitetin kino fakültəsinin türk tələbələri ilə filmin müəlliflərinin görüşü keçirilib. Görüşdə Çingiz Mustafayev adına Fondun hamiliyi altında müştərək Azərbaycan-Qırğızıstan kinolentinin yaradılması haqqında razılaşma əldə edilib. Vahid Mustafayev və Mir Şahin Ağayev bu gün qırğız telekanallarının da qəhrəmanları olublar. Onlar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Belə məlum olub ki, çoxları dəhşətli Xocalı faciəsindən heç xəbərdar deyillərmiş. Filmin rejissoru V.Mustafayev Türkdilli Ölkələrə Dəstək Fondunun ən yaxşı mükafatına - Heydər Əliyev qızıl medalı ilə də təltif edilib. Qeyd edək ki, bu qızıl medalın lauteatları sırasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ümumdünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov da var. Azərbaycanlı rejissor Vahid Mustafayev və Mir Şahin Ağayev sabah Qırğızıstan Kinematoqrafçılar İttifaqının qonağı olacaqlar. V.Mustafayev orada fəxri diplomla təltif ediləcək. 25 fevral - Xocalı faciəsi günü film Qırğızıstan televiziyasında da nümayiş ediləcək. Qeyd edək ki, film Qırğızıstanla yanaşı artıq Türkiyədə və Misirdə nümayiş olunub, beynəlxalq kinofestivallara qatılıb. "Xoca" filminin Böyük Britaniya, Niderland, İran və başqa ölkələrdə nümayişi nəzərdə tutulub.//anspress

OXŞAR XƏBƏRLƏR