Mir Şahin Ağayev
33 il keçir. İsa Peyğəmbərin yaşı qədər! Dinc insanların üstünə sürülən zirehli maşınların üzərinə qatillər İsa xaçı çəkmişdulər. Əsl Qara Yazı Qoruğu Xocalı düzündədir! Əbədi qoruyacağımız Düz! Doğru! Həqiqət! Qara Yazımız!
Xocalı həm də bizim Kərbəladır:
613 şühədası ilə…
Tarixdə Kərbəla Müsibətinə Xocalı Çoyqırımı kimi bənzəyən ikinci qətliam tanımıram. Xocalıda qətlə
yetirilənlər arasında ahıl İmam Hüseynin də, gənc Həzrət Abbasın da, Əli Əkbərin də, yeniyetmə Qasimin də, boğazından oxlanaraq öldürülmüş altı aylıq körpə Əli Əsğərin də, əsir-yesir edilmiş Həzrət Zeynəbin də yaşıdları var idi. Kərbəlada şəhid olanlar kimi Xocalıda şəhadətə yetişənlərə də yalan deyərək tələyə salmış, sonra xüsisi amansızlıqla, Şümr allahsızlığı ilə qətlə yetirmişdilər. Bütün bəşəriyyəti bilmirəm, amma ən azı müsəlman dünyası qana boyanmış Xocalı düzünü Kərbəlaya bərabər tutmalıdır. 72 şühədaya bərabər 613 şəhidimizi… Xocalı və Kərbəla şəhidləri bir-biri kimi və bir-biri qədər müqəddəsdir! Kərbəla düzü. Xocalı Düzü. Və hər iki Düzə Allah Şahiddir Xocalıları 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə yaz əkini üçün sürülmüş şumda qətlə yetirmişdilər. İndi də fevraldır. İyirmibeşindən iyirmialtısına keçməyə hazırlaşır. Xocalıda bütün tarlalar, zəmilər yenidən yaza hazırlanır… Amma bu dəfə hər bitki, hər şitiı, hər ting, hər fidan Bayraq kimi qalxacaq! Ərazi Bütövlüyünü və Dövlət Suverenliyini təmin etmiş, Müstəqil Azərbaycanın Bayrağı kimi!
p.s. Və elə bu vaxt erməniəsilli müttəhimlər də qalxacaq. Bakıda-Azərbaycan qanununun ayağına! Qalxacaqlar: Məhkəmə gəlir!
…Qisası Qiyamətə Saxlamadıq!