Türkan Turan
Dizlərimi
qarnıma çəkib oturdum. Başımı əllərimin arasında sıxıb ağladım.
Şüurlu bir təkliyin içində, özümlə qarşılaşmaqdan qorxdum, qaçmaq istədim!
Bilirdim, əslində qaçmağın, susmağın, qorxmağın nə demək olduğunu! Amma bu dəfə
başqa idi. Çünki 26 ildir qurtula bilmirdim!
Yenə həmin 4 gün yaxınlaşır. Yenə mən unutmağa çalışdığım o günləri,
xatırlayıb, 4 gün min dəfə ölüb, diriləcəm!
Acımasız qəhqəhələr, bomba səsləri, qan gölünə dönən küçələr, dinməyən
fəryadlar…! İllər keçməsinə baxmayaraq, hələ də özümü tapa bilməmişəm! Nə vaxt
yadıma düşsə, qırıb dağıdıram. Ağlamaqdan gözlərim qan çanağına dönür.
Yumruğumu, dırnağım ətimi qanadana qədər sıxıram!
Dünyaya qız doğulduğum, üçün yaradanı lənətləyirəm!
13 yaşım var idi. 12 il keçirdiyim o möhtəşəm qış fəslinin onüçüncü ilini
yaşayırdım. Amma deyəsən bu qış daha sərt keçəcəkdi!
Müharibənin nə olduğunu dərk etmirdim. Amma hər şey "kaş o səhər heç açılmazdı”
dediyim gün dəyişdi.. Soyuq qış səhəri idi. Hər tərəf ağ örpəyə bürünmüşdü.
Qapı sərt şəkildə döyülməyə başladı. Bir qədər sonra ayaqla vururdular.
Səs hamımızı qorxutdu. Atam qapını açan kimi üzünə vurulan yumruq zərbəsinin
təsirindən yerə sərildi.
Sonra silahı bizə doğruldaraq çölə çıxmağımızı əmr etdilər. Bizi evimizin
qarşısındakı meydana yönəltdilər. Burda çoxluğun qadın və uşaq təşkil etdiyi
xeyli insan vardı. Güllələr göydə uçuşurdu. Sağa, sola diqqət etməsək, alnımıza
dəyəcək kimi idi..
Bir qədər sonra yük maşınlarından 20-ə yaxın hərbi geyimli, saçı saqqalına
qarışmış, üst-başından kir yağan adamlar bizə doğru gəldi. Avtomatı üstümüzə
tuşlayaraq, yük maşınlarının arxasına qalxmağımız üçün qışqırmağa başladılar.
Bəzən elə fikirləşirəm ki, bir gün hər şeyi unutsam da, həmin xırıltılı,
içindən nifrət, tonundan çirkab axan o səsləri unutmayacam! Bizi meşənin
yaxılığında hərbi hissənin bazasına gətirdilər.
Titrəyən bədənimi anamın yanından götürüb, əlimi yük maşının üstündən möhkəm
sıxaraq gördüyüm mənzərənin dəhşətinə qapılmışdım. O an dünyanın ən təhlükəsiz
yeri sıxdığım dəmir, dayandığım baqaj idi. Çünki hiss edirdim ki, oradan düşüb
ayağımı torpağa basandan sonra heç nə əvvəlki kimi olmayacaq.
Üzümü hansı tərəfə
çevirdimsə işgəncə ilə göz-gözə gəldim. Sanki bundan əvvəl insanların
qışqırığından, iniltisindən, fəryadından başqa dünyada heç bir səs olmayıb.
Çünki nə quş ötmürdü, nə it hürmürdü, nə qoyun mələmirdi, hətta, çaqqal belə
ulamırdı!
Qadınlar zorlanır,
kişilərin cinsi orqanına vururdular. Əgər kimsə xilas olarsa, soylarının davam
etməməsi üçün bunu edirdilər!
Bir əlində araq butulkası, digər əlində silah olan kişi ağzının köpüyü çənəsinə
dağıla-dağıla qışqırırdı. Yeni doğacaq nəslin, onlardan olacağını deyirdi. Bir
qədər sonra içində kişilərin olduğu növbəti maşın gəldi. Əsirlərin hamısını
maşından düşürdülər. Atam gözə dəymirdi.
Hamı ac-susuz idi. Mən isə özümü qır qazanına atılmış və bir azdan əriyib
məhlula dönəcək kimi hiss edirdim. Balaca bədənimlə kök və titrəyən qadın
bədənlərinin arasına sıxılmışdım. O çarəsiz bədənləri özümə ətdən divar
etmişdim! Bir əlimlə də itməmək üçün anamın ətəyinin kənarından yapışmışdım. O
an kiçik bədən daşımağımın avantajlı olduğunu düşünürdüm, uşaq ağlı ilə...
Bir qədər sonra qaranlıq çökdü, göstərişə əsasən bizi hərbi maşınlara yığaraq
meşəyə doğru aparırdılar.
Yollarda gördüyüm mənzərə dəhşət idi. Şəhər qan gölünə dönmüşdü. Adama elə
gəlirdi ki, bulud yağış əvəzinə qan yağmışdı.
Ortalıqda düşmən ordunun adamları görünürdü. Yerə sərilmiş insanların, ölüb
ölmədiyini yoxlayırdılar. Hərəkət və səs gələn kimi yenidən güllələyirdilər.
Bizi meşənin yaxınlığında bir binanın qarşısına gətirdilər. "Düşün!” deyə
qışqırdılar. Hamımız yük maşınının arxasından uçrumdan atılıb, intihar
edirmişcəsinə endik. Ruhumuz bax belə səfil idi!
Burada da mənzərə fərqli deyildi. Fərqli insanlar, eyni inilti və fəryadlar idi!
İnsanları diri-diri yandırırdılar. Kişilərdən biri irəli çıxıb, özünü
qadınların qarşısında sipər etmək istədi, başını elə ordaca kəsib yerə atdılar,
baş top kimi palçığa və qara qarışaraq diyirlənib, ağaca dəyib dayandı! Bu
mənzərə bayaqdan inildəyən insanların hamısının nitqini qurutdu. Üstümüzə ölüm
sükutu çökdü, sanki, hamı birdən ruhunu harasa və kiməsə təslim etdi!
Bu günə qədər yadımdadır, bir neçə dəqiqə ərzində iyirmiyə yaxın kişi
öldürüldü. Kişilərin çoxu qadınlara qarşı o mənzərəni görməkdənsə, etiraz edib
güllələnməyi daha üstün tuturdular! İnsanlıq tarixi o mənzərəni görməyə hazır
olmadığına əminəm! Çünki orada baş da, başçı da, siyasət də, iqtidar da,
müxalifət də, dövlətlər də, super güclər də qana və qaranlığa qarışmışdı! Bu
gün dünyanın çox yerində müharibə var. Baş kəsilir, qan tökülür, şəhərlər
bombalanır, amma Xocalıdakı kimi samovarları insanların kürəyinə bağlayıb, köz
üstündə yeritmirlər!
Baş verənləri görməmək üçün ölmək istəyirdim. Hər dəfə insanlara edilən
vəhşiliyi görəndə sanki ətimdən ət kəsilirdi. Beynimi uyuşdurmaq, əbədi yatmaq,
yox olmaq istəyirdim. Qadınlara ərlərinin, atalarının gözü qarşısında təcavüz
edir, qorxu filmlərinin mənfi obrazının etdiyi kimi-qəhqəhə çəkirdilər! "Ölümə
məhkumsunuz, soyunuzu qurudacağıq, qarnınızda bizim oğlanlarımızı
daşıyacaqsınız”deyib, qadınlara hücum çəkirdilər.
Gözümün qarşısında hamilə qadının qarnın cırıb, uşağı çıxardıb, ocağa
atmışdılar. O mənzərəni görəndə, mən çoxdan özümdən getmişdim. Gözümü açanda
vahimənin içində gözüyaşlı anamı gördüm.
Orada qaldığım 4 gün davam edən vəhşilikdən geriyə, az sayda sağ insan
qalmışdı. Həmin vaxta qədər mənə, anama və bir neçə qadına toxunmadıqları
möcüzə olmalı idi.
Növbəti gecə idi. Göyün üzü qırmızının o gecədən sonra heç vaxt görmədiyim
tonuna çalırdı. Sanki yerdəki qanın rəngi, göydə əks etmişdi.
Qaranlıq, rütubətli, pis qoxulu zirzəminin bir küncünə sıxılmışdıq. Bir azdan
ayaq səsləri gəldi. Anam məni bərk-bərk qucaqlayıb bağrına basmışdı. Əlacı olsa
sanki yenidən bətnində gizlədəcək qədər titrəyirdi. Titrəməsi boş yerə deyildi.
Çünki o ayaq səslərindən gələn əl, məni anamdan dartıb qopardı. Az qalırdı
naləsi göyə çatsın, onu daha əvvəl bu cür görməmişdim. Məni nə üçün
apardıqlarını başa düşmürdüm. Ağlayır, bildiyim bütün yalvarışları edirdim,
aparmamaqları üçün!
Dəhliz boyunca gah sürüyərək, gah itələyə-itələyə bir otağa atdılar. Özümü
itirmədən sakitləşdim. Otağa göz gəzdirdim. Hiss olunurdu ki, bu otaq
digərlərindən səliqəli və hansısa rütbəli şəxsə məxsusdur. Bir qədər sonra
dəhlizdə iti və ağır addımlar eşidilməyə başladı. Qalın bir səs, "onun
qızıdır?” sualını verib, cavab almadan içəri daxil oldu!
Hündür boylu, iri alınlı, enli buxaqlı, quyudan zillənmiş kimi baxan gözləri,
dağınıq saqqallı, saçları çox uzun olmayan bir-birinə dolaşmış, 45 yaşlarda bir
kişi ilə göz-gözə gəldik! Üzündəki nifrət, ürək bulandıran gülümsəmə ilə məni
başdan ayağa süzdü.
Qəfəsdən açılan vəhşi heyvan kimi üstümə şığıdı.
Sadəcə əlimi üzünə atıb, cırmağa fürsət tapa bildim. Çünki bir qədərdən sonra
saçımdan yapışaraq, divara çırpmışdı. Bədənim sanki maşın altından çıxmış kimi
sızıldayırdı. Deyəsən dişim qırıldığı üçün ağzım da qan içində idi.
Alnımdan axan qan süzülərək gözümə dolmuşdu. Özümə gəlib, qan dolu gözlərimi
açanda, qarnımdakı dəhşətli ağrı, bütün ağrıları yadlaşdırmışdı. Bədənim
keyimişdi, bəlkə də, ruhum idi keyiyən, bu an xatırlaya bilmirəm!
Hərəkət etmədən fikirləşirdim. Anamın niyə fəryad etməsini indi daha yaxşı
anlayırdım!
Artıq balaca qız yox, təcavüzə uğramış qadın idim. İçi parçalanmış, hissi
alınmış, həm bədəninə, həm ruhuna, həm gələcəyinə təcavüz edilmiş qadın!
Qadın kimi formalaşmayan kiçik bədənim, təcavüzün ən dəhşətlisinə məruz
qalmışdı.
Yerdən qalxa bilmirdim. Sanki illərlə yatağa bağlı xəstə idim. İndi isə
yataqdan yerə düşmüş, həmin köməksiz xəstədən fərqim yox idi.
Özümə gəlmədən növbəti dəfə eyni adamın təcavüzünə məruz qaldım. Üzünü cırdığım
yekəpər hər dəfə şüşədə və ya güzgüdə üzünü görəndə çəkdiyi siqareti bədənimdə
söndürərək, balaca fahişə ilə başlayan söyüşləri sıralayırdı. Təbii ehtiyacın
üstümə tökürdü, "sizi belə məhv etmək lazımdır”deyirdi!
İstədiyi qədər istifadə etdikdən sonra məni otağından rədd etmələri üçün
göstəriş verdi. Cüssəsi birinci adamdan bir az kiçik olan kişi qolumdan tutub
dəhlizdən irəliləyərək, başqa bir otağa atdı. Həm baxışları, həm geyimləri, həm
də üzləri bir-birinə bənzəyən bir neçə boz adam başıma yığıldı. Hamısı ac
qurdun quzuya baxdığı kimi baxırdı. Məni otağa gətirən adam "satıram, bir qutu
siqaretə” dedi. Hə, bir qutu siqaret! Anamın "sən dünyada hər şeydən qiymətlisən”
deyə boyunu sevdiyi qızcığaz, beyni qaranlıq, ruhu dağınıq, dünyaları çirkab
içində olan bir neçə insan tərəfindən maddi dəyəri bir neçə qəpik olan siqaretə
satılırdı. Həmin an bir qutu siqaretə yox, anamın məni aldatmasına yanırdım!
Bədənim siqaret kötüyünün yanıqları, içim parçalanmış halda daha nə qədər dözə
bilərdim?! Bəzən elə bilirdim gördüklərim yuxudur!
Amma hər dəfə diksinib özümə gəlirdim!
Ölmək üçün çarələr axtarırdım. Amma əslində ölüdən fərqim yox idi.
Qurtuluşum da belə oldu. Ölü bilib, digər cəsədlərlə birlikdə bir dərəyə
atmışdılar. Sonra öyrəndim ki, əsgərlərimizdən biri təsadüfən xırıltımı eşidib,
məni Ağdama-xəstəxanaya aparıb. Bir neçə il danışa bilmədim. Dilim tutulmuşdu.
Bədənimdəki yaralar sağaldı! Ancaq izləri həm bədənimdə, həm ruhumda qaldı. Elə
həmin gündən bütün qoxular barıt, bütün rənglər qırmızı və qara, bütün səslər
avtomat və bomba səsləri oldu.
Nə uşaqlığımı yaşaya bilmədim, nə gəncliyimi, nə qadınlığımı. Sevişmə sonrası
qadın olmadım mən!
Gənc qızlıqdan qadınlığa keçid etmədim. Ehtiras, hərarət, istilik nədir
bilmədim!
Əsir oldum, övlad oldum, şəhid qızı oldum, kimsəsiz oldum, şagird oldum, tələbə
oldum, amma qadın ola bilmədim!
Aynanın qarşısına keçib, bədənimə baxanda siqaret izlərini görüb bədənimdən
iyrəndim. Başımın sağ tərəfindən, həmin gün kökündən yolunan saçımın keçəl
yerini görəndə, üzümdən iyrəndim! Fəryadımı kimsə eşitmədiyi üçün, qulağımdan
getməyən səsimdən iyrəndim! Qadın olduğum gün, qadın olmağımdan iyrəndim!
Qadınlığı rədd etdim!
Hamı məni Xocalıda təcavüzə uğramış qız kimi göstərdi. Bir daha mən yenə
özümdən iyrəndim. Bir gerçək var idi əslində: mənim bədənimə, barmaqla
göstərənlərin isə vicdanına təcavüz edilmişdi.
12 il yaşadığım Xocalı, ağlımda 4 gün və bir adla qaldı: Təcavüz!