“Xocalıya ədalət!” – Tarixi yaddaşdan beynəlxalq ədalət tribunalarına

“Xocalıya ədalət!” – Tarixi yaddaşdan beynəlxalq ədalət tribunalarına
SOSİAL
11:31 27.02.2026
254
Tarix yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə istiqamət verən mənəvi kompasdır. Xalqımızın qan yaddaşına çevrilmiş Xocalı faciəsi də bu baxımdan təkcə bir tarixi fakt deyil, milli kimliyimizin ağrılı, lakin unudulmaz səhifəsidir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması isə illərdir davam edən məqsədyönlü fəaliyyətin nəticəsidir.

2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülən "Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası məhz bu tarixi və mənəvi zərurətdən doğmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı faciəsi barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, hadisəyə hüquqi-siyasi qiymət verilməsinə nail olmaq və beynəlxalq ədalətin bərpasını təmin etməkdir.

Uzun illər ərzində aparılan sistemli iş, beynəlxalq konfranslar, sərgilər, məlumatlandırma aksiyaları və diplomatik təşəbbüslər nəticəsində Xocalı həqiqətləri bir çox ölkələrdə tanınmağa başlamışdır. Artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bu, ədalət yolunda atılmış mühüm addımdır.

Dövlət başçısı Xocalı Soyqırımı Memorialının açılışında etdiyi çıxışında bu prosesi belə dəyərləndirib:

"Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.”

Bu fikirlər bir daha göstərir ki, ədalət geciksə də, qaçılmazdır. Xocalının azad olunması, ərazi bütövlüyümüzün bərpası və müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələlərdir.

Bu gün "Xocalıya ədalət!” təşəbbüsü təkcə bir kampaniya deyil, milli həmrəyliyin, siyasi iradənin və beynəlxalq hüquqa inamın rəmzidir. Gənc nəslin bu həqiqətləri bilməsi, tarixi yaddaşı qoruması və ədalət ideyasını yaşatması xüsusi əhəmiyyət daşıyır. Çünki tarixini unudan xalq gələcəyini də itirə bilər.

Xocalı faciəsinin qurbanlarının xatirəsi qarşısında borcumuz həqiqətləri yaşatmaq, ədaləti müdafiə etmək və belə faciələrin bir daha təkrarlanmaması üçün mübarizəni davam etdirməkdir. "Xocalıya ədalət!” çağırışı bu gün də aktuallığını qoruyur və beynəlxalq vicdana ünvanlanmış ədalət səsidir.
OXŞAR XƏBƏRLƏR