"Bu serialda ən axmaq rol Kamalın roludur, çünki 52 bölümdə sevdiyi iki qızdan heç birini öpə bilməyib. Yəni bu cür halla, yəqin ki, heç bir kişi qarşılaşmayıb. Bu iki gözəl qız Kamalda nə görüb, onu sizə deyə bilməyəcəm". APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanda səfərdə olan "Yaxşı Cazibə" serialının əsas qəhrəmanlarından biri olan Kamal obrazını canlandıranHakan Yılmazdeyib. Bakıda keçirilən mətbuat konfransına şən əhval-ruhiyyə ilə qatılan yaradıcı heyət yerli mətbuat nümayəndələri ilə də xeyli xoş zarafat edib. Hətta jurnalistlərin serialdakı Cazibənin (Aslıhan Gürbüz) Azərbaycan dilində səlist danışmaması, uzun müddət keçməsinə baxmayaraq "x" hərfini "h" hərfi kimi tələffüz etməsinə sərt münasibətlərini də aktyorlar zarafatla qarşılayıblar. "Bu serial sevilir və baxılır. Sözsüz, hər bir yaxşı işlə bağlı bu cür söz-söhbətlər olur. Amma biz əlimizdən gələni edirik ki, hər birinizin qəlbini oxşayaq. Aslıhan da rolunun öhdəsindən gəlməyə çalışır və öz üzərində çox işləyir. Hər halda, onun bu zəhmətinə görə bu cür danışmaq doğru olmazdı". Rejissor Bora Onur isə "elə bu səbəbdən də Aslıhanın pulundan kəsdik" deyərək gülüb və bu söhbəti zarafatla yekunlaşdırıb. Konfransda Aslıhan Gürbüzə şəxsi həyatı ilə bağlı ünvanlanan "Əgər sizə Azərbaycandan evlilik təklifi olarsa, bunu necə qarşılayarsınız?" sualına "Mən evli deyiləm, amma həyatımda biri var" deyə cavab verib. Aslıhan Gürbüz Azərbaycan dilində ən sevdiyi söz olaraq "Allah qoysa, xeyrə qarşı, yaxşı" sözlərini qeyd edib. Məlahət Abbasovada serial və onun ətrafında gəzən tənqidlərə aydınlıq gətirib: "Aslıhanın Azərbaycan dilində yaxşı danışa bilməməsi tənqidlərə səbəb oldu. Lakin Bakıda Azərbaycan dilini bilməyən, lakin rusca danışan ailələr də çoxdur. Hər halda Aslıhanın bu rol üçün ortaya qoyduğu zəhmət göz önündədir və bunu bu cür qələmə vermək doğru olmazdı". Yerli media mənsubları yaradıcı heyətə serialda Azərbaycan mətbəxinin daha geniş tərənnüm edilməsini məsləhət görüblər. Hakan Yılmaz isə Azərbaycan jurnalistlərinə növbəti serialarda dovğa, dolma, qutab bişiriləcəyinə söz verib: "Azərbaycan mətbəxinə vuruldum. Əgər bir həftə burada qalsam, bu qısa müddətə 10 kiloqram çəki ala bilərəm. Yəqin ki, bu, dünyada rekord göstərici olar. Qutab, dovğa, kababdan doyunca yedik. Möhtəşəm və ləzzətli mətbəxiniz var". Aslıhan Gürbüz isə bu günə kimi də düşbərənin dadına baxmadığını etiraf edib. Simgə rolunun ifaçısıHande Katipoğlubu rolla oxşar xüsusiyyətinin olmadığını deyib. O, həyatda da çox enerjili olduğunu açıqlayıb. H.Katipoğlu film həyatında ilk böyük rolunun məhz Simgə olduğunu deyib.










































