Bakıda müşahidə olunan yağışlı hava şəraiti taksi xidmətlərinin qiymətlərində kəskin artıma səbəb olub. Sərnişin tələbatının yüksəlməsi fonunda demək olar ki, bütün taksi şirkətlərində gedişhaqları bir neçə dəfə bahalaşıb. Adətən 3-4 manata başa gələn marşrutlar hazırda 12-15 manata təklif olunur. Paytaxtın kənar istiqamətlərinə səfər etmək istəyənlər isə 35-40 manat aralığında ödəniş etməli olurlar.
Nəqliyyat eksperti Elməddin Muradlı AZXEBER.COM-a açıqlamasında bildirib ki, qiymətlər taksi operatorları tərəfindən müəyyən edilir:
"Taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qaydalarda qiymətlər hər hansı formada tənzimlənmir. Bu sahə sərbəst rejimdə fəaliyyət göstərir. Qiymətlər taksi operatorları tərəfindən müəyyən olunur və hava şəraiti, tələbat, eləcə də yol vəziyyətinə uyğun olaraq dəyişə bilər. Hazırda bir çox insan bunu mənfi hal kimi qiymətləndirir. Halbuki ictimai nəqliyyat fəaliyyət göstərir. Bəzi insanlar yağışlı havada öz avtomobilləri ilə yola çıxmaq istəmir, risk etməmək üçün taksiyə üstünlük verir, eyni zamanda taksidən çox ucuz qiymət gözləyirlər.
Taksi sürücüsü də insandır və idarə etdiyi avtomobil onun şəxsi mülkiyyətidir. Yağışlı hava şəraiti avtomobil üçün əlavə risk yaradır. Xüsusilə elektrik avtomobillərində bu risk daha yüksəkdir – sistemə dəyən zərərin aradan qaldırılması kifayət qədər baha başa gələ bilər. Benzin və ya dizel mühərrikli nəqliyyat vasitələri də eyni risklərlə üzləşir”.
Ekspert qeyd edib ki, hava şəraitinə görə taksi qiymətlərinin artması normaldır:
"Hava şəraitinə uyğun olaraq taksi qiymətlərinin dəyişməsi dünya praktikasında da normal hal hesab olunur. Necə ki, qar və ya güclü yağış zamanı biz öz avtomobilimizi yola çıxarmaq istəmirik, eyni riskləri taksi sürücüsü də daşıyır. Buna baxmayaraq, bəzən sürücülərə qarşı ədalətsiz yanaşma müşahidə olunur. Sanki taksi sürücüsünün avtomobilinə zərər dəysə, bu əhəmiyyətli deyil. Halbuki heç kim iki manata xidmət göstərmək məcburiyyətində deyil və hər kəsin öz xərcləri, öhdəlikləri var. Düşünürəm ki, bu məsələdə daha obyektiv yanaşmaq lazımdır. Qiymətlər qalxan kimi dərhal narazılıq bildirmək əvəzinə, mövcud şəraiti nəzərə almaq vacibdir”.
O bildirib ki, bəzi taksi sürücüləri təcrübəsiz olduqlarına görə qeyri-sabit hava şəraitində fəaliyyət göstərməkdən çəkinirlər:
"Bəzi taksi sürücüləri təcrübəsiz olur və pis hava şəraitində işləmək istəmir. Bu da təklifin azalmasına, tələbatın isə artmasına səbəb olur. Nəticədə sistem yüklənir və qiymətlər avtomatik olaraq yüksəlir. Bu, şirkətlərin daxili qaydalarına uyğun mexanizmdir və mövcud qanunvericilik çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan ya bu sistemi qəbul etməliyik, ya da qeyri-rəsmi və daha bahalı taksi xidmətlərinin üstünlük təşkil etdiyi əvvəlki şəraitə qayıtmalıyıq”.
Şahanə Ziyad











































