YAP Gənclər Birliyi 2 fevral - Gənclər Gününü qeyd etdi

GƏNCLİK
13:23 01.02.2018
1869
Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci ilin yekunlarına və 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbiri keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov, dövlət və hökumət rəsmiləri, deputatlar, partiyanın gənc üzvləri iştirak ediblər.
 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurlara dair videoçarx nümayiş etdirilib. Daha sonra YAP Gənclər Birliyinin 2017-ci ildəki fəaliyyətini əks etdirən film təqdim olunub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov YAP gənclərinin hakim partiyanı layiqincə təmsil etdiyini, layiqli varis olduğunu vurğulayıb: "Gənclərin qarşısında mühüm vəzifələr dayanır. Bunlardan biri gənclərin ictimai-siyasi həyatda fəal iştirak etmələridir. Bu ilin oktyabr ayında prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə Prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək. İlham Əliyevin cəmiyyətdə yüksək reytinqi onun qələbəsi üçün əsas yaradır. Gənclər də seçkilərin yüksək səviyyədə keçməsi üçün fədakarlıqlar etməlidir. Əminəm ki, gənclər bunu dərk edirlər".
 
Baş nazirin müavini partiya sıralarında təmsil olunan gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb: "Cəmiyyət qaçılmaz surətdə yeni texnologiyalardan asılı vəziyyətə düşüb. Ona görə də gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq".
 
Daha sonra YAP-nın bir qrup fəal gənci çıxış edərək dövlətin gənclərə göstərdiyi diqqətdən danışıblar. Tədbirin sonunda yüksək nəticələr əldə etmiş bir qrup şəxslərə YAP-ın üzvülük vəsiqələri, ötən il YAP Gənclər Birliyinin fəaliyyətində aktivliyi ilə seçilmiş gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.
 
Mərasim konsert proqramı ilə davam edib.

OXŞAR XƏBƏRLƏR