Fransada prezident seçkilərinin ikinci mərhələsinə az bir müddət qalmış ölkə rəhbəri postu uğrunda mübarizə davam edir. Ötən gün prezidentliyə namizəd olan mühafizəkar Nikola Sarkozi tərəfdarları ilə görüş keçirib. Paytaxt Parisdə baş tutan mitinqə minlərlə tərəfdar qatılıb. Çıxışı zamanı Sarkozi bildirib ki, insanların bir araya gələrək nümayiş keçirməsi kiməsə qarşı etiraz aksiyası kimi anlaşılmamalıdır. Sarkozinin sözlərinə görə, nə onun, nə də tərəfdarlarını düşməni yoxdur. "Bütün Fransa xalqı birləşməli, həmrəy olmalıdır. Fransa dövləti zəifləyərsə, ölkənin gələcək rifahı üçün, işçilərin işlə təminatı üçün heç bir zəmanət olmayacaq. Odur ki, güvəndiyiniz işçiyə xidmət edin. Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur. Qəlbimizdə vahid Fransa var. 3 gündən sonra hər kəs anlayacaq ki, onlar əslində hər hansı bir namizədə deyil, öz gələcəklərinə, uşaqlarının və ölkənin gələcəyinə səs verirlər. Yaşasın respublika, yaşasın Fransa", - deyə Sarkozi fikrini ifadə edib.