"Yazdığım statusa görə rektorlar məni ölümlə təhdid edib" - MÜSAHİBƏ

"Yazdığım statusa görə rektorlar məni ölümlə təhdid edib" - MÜSAHİBƏ
15:37 22.05.2014
17460
AZXEBER.COM-un "Facebook ulduzları" rubrikasının budəfəki qonağı "Facebook"un ən böyük tələbə səhifəsi olan Azərbaycan Universitetlərinin admini, gənc fəal Zöhrab Süleymandır. Zöhrab 117 min tələbəni birləşdirən səhifəsi və özü haqda danışıb.- Zöhrab zəhmət olmasa ilk olaraq özün və rəhbəri olduğun "facebook" səhifəsi haqda oxucularımıza məlumat verərdin...
- Mən Zöhrab Süleyman 1991-ci ilin 20 yanvar günündə Sumqayıt şəhərində anadan olmuşam. 2008-ci ildə Sumqayıt Dövlət Universitetinin İqtiadiyyat və İdarəetmə fakultəsinə daxil olub və 2012-2013-cü tədris ilində oranı bitirmişəm. Rəhbəri olduğum "facebook" səhifəsi Azərbaycanın ən böyük tələbə platforması olan "Azərbaycan Universitetləri" səhifəsidir.Bütün universitetlərin tələbələrin toplaşdığı bir virtual aləmdir. Səhifə 2011-ci ildə yaradılıb və artıq 117.000 tələbəni əhatə edir.
- Zöhrab, səhifənizdə daha çox universitet və tələbələr haqda paylaşımlar edirsiz. Ümumiyyətlə, Azərbaycan gəncliyinin bugünkü durumu və səviyyəsi səni qane edirmi?
- Çox təəsüf ki, gəncliyimiz uçurumun kənarındadır. Siz media nümayəndələri şəhərdə tələbələr arasında sorğu keçirərkən hər hansı bir adi sual gənci mat vəziyyətində qoyur. Demək olar ki, gənclərin əksəriyyəti virtual dünyada yaşayır və bu virtual aləm gənclərin danışıq qabiliyyətini unutdurur. Təbii ki, bu hər kəsə aid deyil. Amma böyük əksəriyyət belədir.
- Zöhrab, səhifənizdə gənclər daha çox hansı tip paylaşımlara maraq göstərirlər? Daha çox hansı məlumatlar oxunur?
Səmimi deyim ki, təhsilə aid paylaşımlara maraq çox azdır. Ötən ilədək universitetlərarası like yarışması edirdik. Tələbələrin əksəriyyəti bəyənsə də bir qismi pisləyirdi bu yarışmanı. Həmin pisləyənlər elə bilirdilər ki, biz like yarışması etməklə nəsə qazanırıq. Ancaq "facebook"dayıqsa deməli nəsə əyləncəli yarışma da keçirməliyik. Hətta tələbələr arasında bu əyləncəli yarışmanı siyasiləşdirənlər də tapılırdı Ancaq ötən il həmin yarışmanı dayandırdım və düşündüm ki, tələbələr nəsə təhsilə aid paylaşmalar istəyir. Keçdim bilik yarışmasına. İnandırım ki, like yarışmasına olan marağın heç 10 %-i bu yarışmaya olmadı. Sonradan tələbələrin sırf marağında olduğu sahələr üzrə paylaşımlar etməyə başladım.
-Ən maraqlısı odur ki, insanlar ən çox tənqid etdikləri məlumatları oxuyurlar, şərh yazırlar. Bəs sənin özünü ən çox nədə tənqid atəşinə tuturlar?Bəli, sizinlə tamamilə razıyam. Məni ən çox tənqid atəşinə tutduqları sahə müəyyən bir kütlənin özünə sərf etmədiyini paylaşanda olur. Bilirsiniz ki, 117 min adamın hamısını razı salmaq mümkün deyil. Necə deyərlər hərənin ağzından bir avaz gəlir. Ancaq çalışıram ki, günün tələbinə uyğun və tələbənin ən çox maraqlandığı ictimai və sosial yönümlü tələbə problemlərini qabardım. Bu baxımdan maşaallah Azərbaycan Universitetlərinin tələbələrinin ürəyi doludur (gülür) Bir də tənqid olunduğum sahə hansısa universitet məşhurunun (aid olduğu universitet səhifəsinin admininin) şəklini paylaşanda olur. O da tələbədir ancaq digər universitet yaşıdlarından fərqi admin olmağı və universitetdə seçilməsidir. Qəribədir ki, tələbələr burada da məni günahlandırı ki, guya həmin tələbəni "raskrutka" edirəm.
- Zöhrab, sənə görə Azərbaycanda ən ideal və ən pis təhsil verən universitetlər hansılardı?Ən ideal universitetlər: Azərbaycan Diplomatik Akadamiyası, Qafqaz Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, MDU Bakı filialı, Azərbaycan Dillər Universiteti və İqtisad Universiteti.Ən bərbadları isə Azərbaycan Müəllimlər İnstitutunun bəzi region filialları, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan İctimai və Siyası Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes Universiteti və Təfəkkür Universiteti. Qalanlar isə bərbadlara baxanda nisbətən yaxşıdır.- Faktdır ki, sosial şəbəkələr həm də tanışlıq üçün platformadır. Bəs sən özün səhifəndən bu məqsədlə istifadə etmisənmi? Və ya səhifəndə tanış olub, sevgili olanlar olub?
Bəli, elə ona görə də indiki zamanda sevgili anlayışı çox cılızlaşıb və sevgilim yoxdu amma cibimdə pulum, telefonumda konturum var- anlayışı meydana gəlib. Açıq deyəcəm səhifədə oxunmayan mesajların sayı 1000-dən artıqdır, oxuyub cavab yazmağa vaxtım olmur. Oxuduqca cavab yazıram. Sevgili olmaq təklifini mən yox, mənə ediblər ancaq təbii ki, mən sırf tələbələrin səhifəsini idarə etdiyim üçün o tip mesajları oxumadan silirəm. Həm də 2 ildən çoxdur ki, sevdiyim xanım var və qohumumdur.
- Zöhrab səhifədən bu günə qədər nə qədər pul qazanmısan?- Kommersiya sirri olsa da sizə deyəcəm: Təxmini 10.000 manatdan artıq... 
- Neynəmisən o qədər pulu?- Çox maraqlı sualdı. O pulla ilk növbədə universiteti bitirdim  Pul zaman-zaman gəldiyi üçün xərclər çox olur deyə yığa bilmirəm. Mühasibim kimi qardaşımı seçmişəm Hazırda öz evimi tikməklə məşğulam
- Deməli, Azərbaycan universitetlərinin sayəsində həyatını qurusan. Heç səhifəndə hansısa paylaşıma görə sənə təzyiq olubmu? Olubsa bu haqda danışardın...- O qədər olub ki. Maraqlılardan bəzilərini danışım. Deməli hər semestrin axırı tələbələr universitetlərdə başlarına nə gəlirsə, səhifəmdə bir növ dərdlərini danışırlar. Demək olar ki, əksər universitetlərdən tələbələr şikayətlərini məhz mənə edirlər. Ən çox da dekanlar və rektorlarla bağlı. Olub ki, yazdığım statusa görə rektorlar məni ölümlə təhdid edib. Çoxdan olub bu hadisələr. Cavabımda isə çox soyuqqanlı olmuşam: Heç bir rektor və ya dekan (kafedra müdiri) Cənab Prezidentdən artıq ola bilməz.O prezidentliyi ilə deyir ki, mən xalqa xidmət edirəm və təyin etdiyim hər bir məmuru vəzifəyə təyin edərkən deyirəm ki, get xalqa xidmət elə.Cənab Prezident belə deyəndən sonra rektor kimdir ki, məni hədələsin. Hər zaman mənə sual verirlər ki, bu cür universitetlərdən tələbələrin şikayətləri paylaşanda kimə arxayın olub paylaşırsan? Cavabım bir olur: Cənab Prezidentə. Bilirəm ki, bu müsahibədən sonra hərə ağzına gələni ardımca danışacaq .Ancaq onlara da cavabım birdir: Şükür edin ki, Azərbaycanda yaşayırsınız. Başınızı qaldırın Suriyaya, Ukraynaya baxın, sonra dönün ölkəmizə şükür edin. 
- Konkret hansısa rektorun adını çəkə bilərsən? Kim səni şantaj edib?Bəzi rektorlar özünə sığışdırmaz ki, adi bir universitet səhifəsinin admininə zəng vurub nəsə desin. Ancaq o öz sözünü ya katibəsilə, ya dekanla, ya prorektorla bildirir. Bəzi hallarda rektorlar özləri də zəng edib. Məsələn, bu yaxınlarda Gəncə Dövlət Universiteti haqda şikayətlər yazdım. Şikayətdən 1 saat sonra adını demədiyi şəxs mənə zəng vurub dedi ki, həmin statusu sil, yoxsa başın ağrayacaq. Təbii ki, mən də gülərək cavab verdim ki, tələbə öz haqqını istəyib, mən də ona şərait yaratmışam. Dəfələrlə olub ki, Bakı Dövlət Universitetinin özlərini nazir kimi hiss edən dekanları mənə təzyiq edib. Oxuduğum Sumqayıt Dövlət Universitetinin keçmiş rəhbərliyi dəfələrlə təzyiq göstərib. Neft Akademiyasının rəhbər şəxslərindən biri məni şantaj edib. Və bir çox özəl universitetlərin rəhbərləri də həmçinin. 
- Zöhrab, sənə belə iradlar da var ki, səhifəni öz şəxsi malın kimi işlədirsən? Məsələn, sənin Bakı-İsmayıllı yolunda olmağın tələbələrə niyə maraqlı olmalıdır ki?- Bütün tənqidləri qəbul edirəm.Amma şəxsi malım kimi işlətmək sözü mənə bir az yaddır. Əgər elə olsaydı öz layklarım artsın deyə like yarışmasını saxlayıb tələbələrin şikayətlərini paylaşmazdım. O ki, qaldı Bakı - İsmayıllı yolunda olmağıma. Həmin yerə tələbələrlə getmişdik və bu səbəbdən elə paylaşımlar edirdik. Azərbaycanımızın Antalya və Bodrumdan qat qat gözəl olan təbiətinin şəkillərini çəkib paylaşırdım. Məncə burada pis nəsə yoxdur, əgər varsa söz verirəm ki, bu iradı da aradan qaldıracam.
- Cavablarından anlaşılır ki, səndən yaxşı siyasətçi olar. Yeri gəlmişkən, səhifədə siyasi yazılara senzura varmı və özün hansı partiyanın üzvüsən?- Bəli, öncələr siyasətçi olmaq istəmişəm amma kommersiyaya olan marağım hər şeyi qabaqladı. Siyasətə senzura dedikdə Azərbaycanda demək olar ki, çox az sahəyə senzura var. Azad demokratik ölkədə yaşasaq da, səhifəm sırf tələbələrə aid olduğu üçün sırf bu istiqamətdə işləyirik. Amma siyasi cəhətdən deyim ki, Yeni Azərbaycan Partiyasının ən gənc yaşlarımdan bəri üzvüyəm.  Hərdən sual verirlərki YAP-ın üzvü olub niyə tələbələrin şikayətlərini yayımlayırsan? Cavabımda isə: "Bax demokratiya budur" deyirəm.- Zöhrab, səncə bizim gənclər niyə uğurlu həmyaşıdlarına paxıllıq və qısqanclıqla, uğursuzlara isə aşırı məhəbbətlə yanaşır?
- Məsəl var: Pişiyin əli ətə çatmayanda deyir iylənib.Rəqabət mütləq olmalıdır amma bu çirkin formada özünü biruzə verməməlidir. Əgər kimsə irəli gedirsə, ona heç vaxt yaxşı baxmırlar. Deyirlər ki, ya pulu var, ya da daydayı. İdealogiya o qədər korlanıb ki, heç kəs istisna hal kimi "öz bacarığının hesabına" sözünü qəbul etmir. Elə bu yaxınlarda Azərbaycanın ən gənc alimi 17 yaşlı gənc haqda paylaşım etdim. İnanın ki, daha nələr qoşmadılar onun adına. Hərə bilmədən ağzına gələni danışdı. Heç kəs demədi ki, bu axı öz hesabına bu adı qazanıb. Paxıllıq hissi çox böyükdür. Paxıllıq içimizi məhv edir.
- Bəs sən özün kimə paxıllıq edirsən?
- Bəli mən də paxıllıq edirəm ancaq yaxşı mənada. Məsələn, özüm "Barselona" fanatı olsam da "Real Madrid" klubunun prezidenti Florentino Peresə sözün yaxşı mənasında paxıllıq edirəm. Amma oxşamaq istədiyim şəxs "Barsa"nın əfsanəsi Xavi Hernandesdir. İdealım isə Məhəmməd Peyğəmbər (S.Ə.S) amma bu siyahını artıra da bilərəm.

- Təşəkkürlər səmimi müsahibəyə görə. Son olaraq nə demək istərdin...- Son olaraq aid olduğum sahə üzrə deyim: Hörmətli Tələbə Gənclər Təşkilatının universitetlər üzrə sədrləri və müavinləri. Hər gün yeni "kraxmallı" köynəklər geyinib bəy balası kimi gəlib tələbəni vaxtından edib, mənasız iclaslarınıza çağırmayın.

Arada bir tələbənin problemləri ilə maraqlanın ki, onlar da gəlib adi bir universitet səhifəsi saydığınız əslində isə böyük nüfuza sahib olan Azərbaycan Universitetləri səhifəsinə şikayətlərini yazmasınlar

Universitet rəhbərlərinə isə sözüm odur ki, universitetlər ata malınız deyil. O dövlətin və tələbələrindir! Cənab Prezident demişkən məcbursuz tələbəni dinləməyə və ona qulluq göstərməyə...

Hacıbəy HeydərliAZXEBER.COM

OXŞAR XƏBƏRLƏR