Vüsalə MAHİRQIZIYazıqlar olsun!Fransa çoxdan gözlənilən qərarın yarısını qəbul etdi. Söz, ifadə, fikir özgürlüyünə qarşı olan, türklərin öz tarixini müdafiə etmək haqqını əllərindən alan qərarın qəbulu əslində gözlənilən idi. Erməni soyqırımı olmadığını deyənləri cəza gözləməsi ilə bağlı qanun Fransa Senatından keçə də bilər, keçməyə də. Əlbəttə, belə bir qanunun qəbulu Türkiyəyə, Azərbaycana, Fransaya, lap elə Ermənistana da gələcəkdə problemlər yaradacaq. Amma hər kəs həm də öz yolunda yürüyəcək. Əslində mənə 2015-ci ildə “erməni soyqırımı” vəsvəsəsinin 100 illiyində dünyanın çıxaracağı hoqqa maraqlıdı. Onun üçün əsəblərimizi indidən möhkəmlətməliyik, məncə. Amma heç o zaman baş verəcək səs-küy də nə bizi və Türkiyəni dünya xəritəsindən siləsidi, nə də Ermənistana indikindən artıq torpaq və nüfuz gətirəsidi. Bu da bir cür mərəkə, bir cür siyasətdi. Fransa bu qərarı ilə kiçik hesablar marağında olduğunu göstərdi. Bu qərar Sarkozinin növbəti seçkisində ölkəsindəki ermənilərin və ermənipərəstlərin səsini alması üçün atdığı addımlardan biridi. O öz yerində ki, ucuz addımdı. Bu mərəkə bir siyasətçinin, bir partiyanın hakimiyyətdə qalması uçun qoparılıb. Ölkələrlə əsrlik münasibətləri bu qədər kiçik marağa qurban vermək, əlbəttə, ədalətli deyil. Hətta qəbuledilməzdi. Bu qərarın qəbulunda heç şübhəsiz ki, qocalmaqda olan Avropanın dünya idarəçiliyində yeni güclərdən biri kimi ortaya çıxan Türkiyəyə olan qısqanclığının da rolu var. Bu qərarın qəbulunda türklərin vaxtilə Avropanı titrədən ayaq səslərini hələ də eşidən müasir fransızın hisslərinin də öz payı var. Amma tarix siyasətə, siyasət də hisslərə qurban verilməz ki... Fransanın son addımının dünya üçün həm də bir ifşaedici tərəfi var. Ağlı başında olan adamlar bir də Fransanın Afrika istilalarını, Əlcəzairdə törətdiyi soyqırımları xatırladılar bu qərarla. Bir də bu ölkədə “qara”lara olan eqoist baxışı yadlarına sala bildilər. Fransaya səyahət edənlər bu ölkənin simvolu olan Eyfelin möhtəşəmliyinin altındakı rəzaləti müşahidə eləyiblər, yəqin. Orda vaxtilə Fransanın müstəmləkəsi olmuş Afrika ölkələrindən gəlmiş ac-yalavac afrikalıların hər addımda bir yerə saldıqları əski parçaları üzərində xırdavat alveri etdiklərini, sinəsindəki tablolar, əlindəki “yardım dəftəri” ilə adamın qarşısına dikilən dilənçiləri görmək olur. Fransanın qürur, yüksəliş simvolunun altında hər keçəndən sent dilənən, Eyfelin mis, şüşə heykəlciklərini qəpik-quruşa satmaq üçün adamın əl-ayağına düşən afrikalı uşaqlar var. Onlar Fransanın müstəmləkə tarixinin, əzici, istilaçı üzünün göstərgələri, müasir fransızların ayağına dolaşan buxovlar, ikrah eləyib, üz çevirdikləri qara ləkələrdi. Müasir fransız hələ də Fransanın zamanında törətdiklərinin bədəlini ödəyir... Fransa gələcək fransızların ayağına dolaşacaq, üzünə vurulacaq daha bir ləkəni də dünən yaratdı. Fransızların gələcək nəsilləri illər sonra bu rəzalətin bədəlini ödəyəcəklər. Həm də çox ağır formada! *** Fransanın bundan sonra Minsk qrupunun üzvlüyündə qalması orda iki Ermənistanın olması deməkdi. Zatən Sarkozinin “Dağlıq Qarabağın Ermənistan üçün nə demək olduğunu Fransadan yaxşı kimsə anlaya bilməz” ifadəsini bu ölkənin ortada dayanmaqdan yorulub, bir tərəfə çəkilməsinin rəsmi bəyanatı hesab eləmək mümkündü. Amma Allah var, düz demişdi. İşğalçının nə hiss elədiyini bilmək üçün mütləq istilaçı olmaz lazımdı! *** Bu gün bir də Ermənistana tarixi sevgisi ilə ad çıxarmış İranın prezidenti İrəvana səfərə getdi. “Müsəlman təəssübkeşi” minlərlə müsəlmanın qanını tökən, torpağını işğal eləyən, bununla doymayıb, gələcək nəsillərə də müsəlman torpağını işğal eləmək vəsiyyətini səsləndirən Sarkisyanla əl tutuşdu, danışıq apardı, Ermənistanın blokadadan çıxarılması üçün addımlar atdı. Az qala hər gün Azərbaycana təhdidlər yağdıran, “məscid hamisi” rolunda görünməkdən zövq alan İran prezidenti məscidlərimizi heyvan yatağına çevirən, təhqir edən Sarkisyanla əl tutuşanda İlham Əliyev Bakıda tarixi Əjdərbəy məscidini bərpadan sonra ziyarət edirdi. Bu faktı həm də Əhmədnejatın burdakı “diaspor”u üçün yazdım... Bir zəhmət, menyularına daxil eləsinlər. Və Əhmədnejatın Sarkisyanı bağrına basması “sionizmə dəstək verən Fransanın” həm də Ermənistana görə, müsəlman türklərin haqq və hüquqlarını, tarixlərini ayağının altına atması ilə eyni vaxta təsadüf etdi. “Müsəlman” İranla “sionizmin dəstəkçisi Fransa”nın “naməhrəm” qolları Ermənistanı qucaqlayanda birləşdi... *** Əslində bu “müsəlmanca və qardaşca” siyasi gedişlərin fonunda Fransanın son yanaşması mənə bir az da səmimi göründü. Heç olmasa, Fransanın harda, kimin yanında, niyə dayandığını bildik və bu ölkədən də, onun dəstəyindən də bilmərrə əlimizi üzdük. Qaldı “bizə müsəlmanca”, Ermənistana “dostca” yanaşanlar...mənbə: lent.az