Yəmənli qadın dağıntılar altından çıxarıldıqdan bir neçə saat sonra uşaq dünyaya gətirib.
AZXEBER.COM xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdə böyük dağıntılar yaşayan vilayətlərdən biri olan Malatyada dağıntılar altından çıxarılan qadının uşaq dünyaya gətirməsi beynəlxalq mətbuatın gündəminə çevrilib.
Malatyada baş verən zəlzələdə həyat yoldaşını itirən və dağıntılar altından xilas edildikdən saatlar sonra doğum edən yəmənli Faten Əl Yusifi yaşananları Britaniya BBC televiziyasına danışıb.
"BBC” Malatyada zəlzələdən sağ çıxan yəmənli Faten Əl Yusifinin hekayəsini paylaşıb.
39 yaşlı Əl Yusifi 39 həftəlik hamilə ikən zəlzələdə dağıntılar altında qalıb.
Saatlarla dağıntılar altında qalan qadın ailə dostu tərəfindən çətinliklə dağıntılar altından çıxarılıb.
Tez xəstəxanaya yerləşdirilən Əl Yusifi qeysəriyyə əməliyyatı ilə qızına qovuşub. Körpəsinə ərəbcə "gümüş" mənasını verən Loujain adını qoyan ana ərini zəlzələdə itirib.
Qadın həyat yoldaşı ilə birgə böyük arzularının olduğunu, lakin hamısının yarımçıq qaldığını bildirib.
Yəmənin Ankaradakı səfiri Məhəmməd Tarik də Əl Yusifi və körpəsini ziyarət edib.
Ayşən