16:42 şənbə, 14 Dekabr 2019
SİYASƏT

“Yenə də meydanlarda sülənir, guya heç kim bilmir, bunun keçmişi nədir” – Prezidentdən sərt sözlər

11:53, 22.11.20197705
“Yenə də meydanlarda sülənir, guya heç kim bilmir, bunun keçmişi nədir” – Prezidentdən sərt sözlər

Ermənilər orada torpaqlarımızı işğal edirdi, Xalq Cəbhəsi isə vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı. Vətəndaş müharibəsi ən ağır müharibədir. Çünki qardaş qanı axıdılır. Ona da getdilər ki, öz laxlamış hakimiyyətlərini qoruya bilsinlər. Görəndə ki, qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Yalvarırdılar, mən bunun şahidiyəm”.

AZXEBER.COM xəbər verir ki, bunu prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. Prezident çıxışını belə davam edib:

"Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. O vaxt belə cəfəng ifadələr işlədilirdi. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı. Yəni, Heydər Əliyevin humanistliyi onları layiq olduqları bu cəzadan xilas etdi.

Başqa cür ola da bilməzdi. Çünki baxın, bizi kimlər idarə edirdi. İndi bu tarix yaddan çıxır, amma çıxmamalıdır. Baxın, Azərbaycan xalqı hansı rəzil dövrdə yaşayırdı. Baxın, kimlər idi. Mən bir daha deməliyəm ki, yaddan çıxmasın, gənclər də bilsin. Prezident elmi işçi, zəif, iradəsiz bir adam idi. Heç vaxt heç bir idarəyə rəhbərlik etməmişdi. Hətta kiçik bir idarənin rəhbəri olmamışdı. Sadəcə, küçələrdə, orada-burada çığırıb bağırmaqla gəldi prezident oldu və ölkəni rüsvay elədi. Görün, hansı kadrlar seçildi. İndi bunu təsəvvür etmək çətindir ki, - bağışlayın sözümə görə, - belə yaramaz adamlar Azərbaycana rəhbərlik edirdi. Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edildi. Məhz onun dövründə "otkat” sözü bizim lüğətimizə daxil edildi. Gəldi ki, ölkəni talan eləsin, onun sərvətini oğurlasın, tramvay xətlərini kəsdirsin, göndərsin İrana və pul əldə etsin. Bax, bu Baş nazir idi. Parlamentin sədri, - o da elmi işçi idi. On bir il aspiranturada oxumuşdu. Təsəvvür edin, on bir il. Dissertasiyanı müdafiə edə bilməmişdi. Rəhmətlik akademik Ziya Bünyadovun onun haqqında dediklərini mən təkrarlamaq istəmirəm. Sadəcə olaraq, bunu özümə rəva bilmirəm. Uğursuz aspirant, biliksiz, savadsız adam parlamentin sədri oldu. Ondan nə gözləmək olardı? Yaxud da ki, dövlət katibi. İstəyirdi komsomolda öz karyerasını artırsın, sonra partiya işinə keçsin və karyerist kimi hansısa bir vəzifəyə sahib olsun. Belələrinə siyasi dönük, flüger deyirlər. Onun bütün tarixi satqınlıq tarixidir. Komsomolçuları satıb, öz partiya himayədarlarını satıb, ondan sonra qoşulub Xalq Cəbhəsinə, orada da Əbülfəz Elçibəyi satıb. Bunu cəbhəçilər yaxşı bilirlər. Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə.

İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər. Bu, yalandır. Özünə hörmət edən, ləyaqəti üstün tutan hansı adam belə söz deyər. Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır.

Nazirlərə fikir verin, kimlər idi? Müdafiə naziri riyaziyyat müəllimi, savadsızın biri, demaqoq, küçə adamı. Nə ilə yadda qaldı? Şuşanı ermənilərə satdı. O, Şuşanı birinci tərk etdi. Özü demişdi ki, - o kadrlar var, tarix hər şeyi saxlayır, arxivlər var, - Şuşa əldən getsə, başıma güllə vuracağam. Yenə də meydanlarda sülənir, özünü elə aparır ki, guya heç kim bilmir, bunun keçmişi nədir. Bax, belə bir adam Müdafiə naziri ola bilərdimi? Belə bir adam bizim ərazi bütövlüyümüzü qoruya bilərdimi? Mən hələ onun biznes tərəfini demirəm. Burada yığdıqları pulları Moskvaya daşıyırdı. Orada özü üçün böyük biznes qurmuşdu. Lazım olarsa, bu barədə də məlumat veriləcək. Mən 2004-cü ildə onu əfv etdim. Çünki əsaslı olaraq ömürlük cəzaya məhkum edilmişdi. Şuşanı satana qarşı gərək o cəza veriləydi. Bax, ona görə bizim torpaqlarımız işğal altına düşmüşdür. Mən humanistlik göstərdim, onu əfv etdim.

Ondan sonra Daxili işlər naziri, nə ilə seçilirdi? Vəzifə sahibi kimi gedib canlı efirdə jurnalisti döymüşdü. Sən bir adi adam kimi əgər kiməsə qarşı nəsə eləsəydin, tutaq ki, sənə toxunublar, mən deyərdim ki, ola bilər, ləyaqətinə toxunub, emosiyalarını cilovlaya bilmir. Vəzifə sahibi ola-ola mühafizəçilərlə gəlib, jurnalisti döyüb və bununla da fərəhlənirdi. Sən gedib doğma rayonunu müdafiə edərdin. Doğulduğun Kəlbəcər əldən gedəndə, işğal altına düşəndə sən nazir idin. Qaçmısan, siçan kimi gizlənməyə deşik axtarmısan. O vaxt Naxçıvana desant göndərirdi və demişdi ki, Heydər Əliyevin başına güllə vuracağam. Naxçıvanlılar ona elə cavab verdilər ki, qorxusundan bilmirdi hara getsin. Oraya desant da getmədi. Ümumiyyətlə, o vaxt orada çevriliş cəhdi olmuşdu. İndi yenə meydanda sülənir, elə bilir ki, hamının yadından çıxıb.

Baş prokuror Gəncədə girov götürülmüşdü, Prezidentə həbs əmri vermişdi. Bu da Baş prokuror. Xarici İşlər naziri. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində nə dediyini heç kim başa düşmürdü. Bax, budur xalq cəbhəsi, müsavat hakimiyyəti. Ona görə biz bu faciəvi vəziyyətlə üzləşmişdik. Əgər Heydər Əliyev xalqın tələbi ilə 1993-cü ildə Azərbaycana gəlməsəydi, Azərbaycan dağılacaqdı. Bunların da hərəsi qaçıb bir yerdə gizlənəcəkdilər, necə ki qaçıb gizlənmişdilər. Beləliklə, bizim müstəqilliyimiz XX əsrin əvvəllərində olduğu kimi yenə də yarımçıq qalacaqdı.

XƏBƏR LENTİ