"Azərbaycanın ATƏT-ə sədrlik etməsi ilə bağlı təklif irəli sürülüb. Təşkilat daxilində növbəti illər üçün sədr ölkələrin müəyyənləşdirilməsi istiqamətində müzakirələr davam edir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsahknanla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, ATƏT-in hazırkı sədrinin fəaliyyəti dekabrın 21-də başa çatır. Bir ildən artıqdır ki, növbəti sədrin hansı ölkə olacağı ilə bağlı müxtəlif təkliflər müzakirə edilir. Lakin təşkilat üzvlərinin hamısı tərəfindən konsensusla qəbul edilə biləcək ortaq namizəd müəyyənləşməyib.
C.Bayramov qeyd edib ki, Azərbaycan indiyədək konsensus əsasında irəli sürüləcək istənilən namizədi dəstəkləməyə hazır olub və bu istiqamətdə xüsusi fəallıq göstərməyib.
Onun sözlərinə görə, dekabrın 3-4-də İsveçrənin Luqano şəhərində keçiriləcək ATƏT Nazirlər Şurasının toplantısı yaxınlaşdıqca müzakirələr intensivləşib və alternativ təkliflər irəli sürülüb. Həmin təkliflər sırasında Azərbaycanın namizədliyinin də irəli sürülməsi məsələsi gündəmə gətirilib.
Nazir vurğulayıb ki, son müzakirələrdə konsensus əldə edilməsini asanlaşdırmaq məqsədilə 2027, 2028 və 2029-cu illər üçün sədr ölkələrin vahid paket şəklində müəyyənləşdirilməsi yanaşması da irəli sürülüb.
C.Bayramov bildirib ki, Azərbaycan təşkilatın gələcəyinə müsbət töhfə verməyə hazırdır. İlkin paket təklifində Azərbaycanın da adı yer alıb, daha sonra isə digər təkliflər, o cümlədən Ermənistanın da həmin paketə daxil edilməsi məsələsi gündəmə gəlib.
Nazir qeyd edib ki, uzun müddət münaqişə vəziyyətində olmuş Azərbaycan və Ermənistanın eyni paketdə yer alması ATƏT məkanında baş verən müsbət dəyişikliklərin göstəricisi kimi qiymətləndirilə bilər.
Aynur Babazadə











































