Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif

Müəllimlərin pensiya yaşı 70-ə qaldırılsın - Deputatdan təklif
SOSİAL
11:25 27.11.2026
90
Müasir dövrdə, xüsusilə elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir vaxtda universitetlər bilik ötürən məkan olmaqla yanaşı, innovasiya və yenilik mərkəzləri olmalıdır. Görünən odur ki, bir çox ali təhsil müəssisələrində qarşılaşdığımız əsas mənzərələrdən biri professor-müəllim heyətinin böyük hissəsinin yaşlı nəsildən ibarət olmasıdır. Bir tərəfdə illərin sınağından çıxmış zəngin elmi təcrübə və akademik məktəb ənənəsi, digər tərəfdə isə müasir tədris metodlarına, rəqəmsal bacarıqlara və gənc kadrların dinamikasına olan ehtiyac dayanır.

Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Modern.az-a bildirib ki, təhsil müəssisələrində yaşlı müəllimlər çalışır və gənclərin müəllimlik peşəsinə marağı azalır:

"Belə bir şəraitdə müəllimlərə yaş limitinin qoyulmasını doğru hesab etmirəm. Çünki bu məhdudiyyəti tətbiq etsək, xüsusilə ali məktəblərdə ciddi kadr çatışmazlığı ilə üz-üzə qalacağıq.
Ona görə də biz limit qoymaq barədə yox, yaşlı müəllimlərin zəngin təcrübəsindən səmərəli istifadə etmək haqqında düşünməliyik. Hesab edirəm ki, hətta mövcud 65 yaş məhdudiyyətini belə aradan qaldırmaq və qanunvericiliyin də imkan verdiyi kimi, müəllimlərin 70 yaşa qədər pedaqoji fəaliyyətlə məşğul olmasına şərait yaratmaq lazımdır. Bu, həm müəllimlərin fəaliyyətinin düzgün tənzimlənməsi, həm də tədris prosesinin davamlılığı baxımından çox vacib bir məsələdir.

Bu gün universitetlərimizdə həqiqətən də ciddi müəllim çatışmazlığı mövcuddur. Bu problemdən çıxış yolu tapmaq üçün biz məhdudlaşdırıcı deyil, əksinə, təşviqedici addımlar atmalıyıq".

Təhsil eksperti Əmrah Həsənli isə peşəkarlığın yaşla ölçülməsinin ələyhinə olduğunu qeyd edir: "Bu məsələdə müəllimin yaşından çox peşəkar keyfiyyəti, elmi potensialı və tədris prosesində real töhfəsi əsas götürülməlidir.

Yaş limiti mexaniki şəkildə tətbiq edildikdə əslində ən təcrübəli, öz sahəsində məktəb yaratmış alimləri sistemdən kənarlaşdırmaq riski yaranır. Universitetə tək dərs deyilən məkan kimi baxmaq olmaz. Bura müəllimlər elmi ənənənin, akademik mədəniyyətin ötürüldüyü mühitdir və bu ənənəni daşıyanlar çox vaxt məhz yaşlı nəslin nümayəndələridir.

Biz dünya təcrübəsinə baxsaq, görərik ki, inkişaf etmiş ölkələrin bir çoxunda, o cümlədən ABŞ-də universitet professorları üçün məcburi pensiya yaşı ümumiyyətlə ayrı-seçkilik sayılaraq ləğv olunub. Avropanın bəzi ölkələrində yaş həddi olsa da, professor statusu ilə alimlər tədris və elmi işə cəlb olunmağa davam edirlər".

Həmçinin ekspert vurğulayıb ki, universitetlərdə kadr yaşlanması real məsələdir və gənc, təşəbbüskar, yeni metodlara, rəqəmsal texnologiyalara, beynəlxalq elmi mühitə açıq mütəxəssislərin sistemə gəlişi çətinləşir:

"Bəzi yaşlı müəllimlər dərs deyir, amma illərdir elmi araşdırma aparmır, məqalə yazmır, mühazirə konspektini yeniləmir. Bu isə təhsilin keyfiyyətinə birbaşa təsir edir. Lakin burada günahı yaşda axtarmaq yanlışdır, çünki eyni problem orta yaşlı və yaxud da gənc müəllimlərdə də ola bilər. Əsl problem yaşda deyil, qiymətləndirmə mexanizminin zəifliyindədir. Ona görə də yaş limiti əvəzinə şəffaf və obyektiv attestasiya, rəqabətli müsabiqə, elmi nəticələrə və tələbə rəyinə əsaslanan qiymətləndirmə sistemi qurulmalıdır. Müəllim hansı yaşda olursa-olsun, elmi fəaliyyəti, nəşrləri, tədris keyfiyyəti və tələbələrin onun haqqında fikri ölçülməli, nəticəyə görə qərar verilməlidir.

Eyni zamanda yaşlı alimlər üçün mentorluq, elmi rəhbərlik, tədris yükünün optimallaşdırılması kimi daha çevik modellər tətbiq edilə bilər ki, onların təcrübəsi itirilməsin, gənclərə yol açılsın. Yəni məqsəd nəsillər arasında rəqabət yaratmaq yox, onların bir-birini tamamlamasını təmin etməkdir".
OXŞAR XƏBƏRLƏR