Ailə büdcəsinin böyük hissəsi artıq gündəlik tələbatların qarşılanmasına sərf olunur. Ərzaq məhsulları, kommunal xidmətlər, kirayə haqları və digər zəruri xərclərin artması insanların maliyyə imkanlarını getdikcə daha çox məhdudlaşdırır. Gəlir və pensiyalarda müəyyən artımların olmasına baxmayaraq, bu dəyişikliklər hər zaman bahalaşmanın təsirini kompensasiya etmir. Xüsusilə sabit gəlirlə yaşayan, kirayədə qalan və kredit öhdəlikləri olan ailələr üçün aylıq xərcləri qarşılamaq, büdcəni düzgün bölüşdürmək və ayı borcsuz başa vurmaq ciddi çətinliyə çevrilir. Bu isə əhalinin real alıcılıq qabiliyyəti və gəlirlərin gündəlik yaşayış xərclərinə uyğunluğu məsələsini yenidən gündəmə gətirir.
Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qiymət artımları dövlət tərəfindən edilən sosial ödənişlərin təsirini müəyyən qədər azaldır:
"İnflyasiyanın təxminən 55 faizi idxalla bağlıdır. Yəni idxal qiymətlərinin artması inflyasiyaya birbaşa təsir göstərir və dövlət bu qiymət artımlarına tam nəzarət edə bilmir. Mərkəzi Bank isə inflyasiyanın 6 faizdən aşağı olmasını narahatedici hesab etmir. Qurum özü üçün 2-6 faiz aralığını məqbul və idarəolunan inflyasiya həddi kimi müəyyənləşdirib. Bu çərçivədə 4 faiz ideal göstərici hesab olunur. İnsanların sosial vəziyyətinin yaxşılaşması yalnız dövlətdən asılı deyil. Dövlət, təbii ki, vətəndaşlara müəyyən sosial ödənişlər edir və onların rifahı üçün lazımi şərait yaratmalıdır. Lakin düşünməməliyik ki, minimum əməkhaqqının və sosial müavinətlərin artırılması insanların yaşayış səviyyəsini köklü şəkildə yaxşılaşdıracaq”.
Ekspertin sözlərinə görə, dövlət yaşayış minimumunu, minimum əməkhaqqını, minimum pensiyanı və yaşa görə müavinətləri insanların ən azı minimal yaşayış standartları ilə təmin olunması üçün müəyyənləşdirir:
"İnsanların daha yaxşı, orta və ya yüksək həyat səviyyəsinə çatması isə öz qərarlarından, zəhmətlərindən və əldə etdikləri nəticələrdən asılıdır. Dövlətin sosial siyasətinin əsas məqsədi hər kəsi minimum yaşayış standartları ilə təmin etməkdir. Daha yüksək rifaha çatmaq üçün isə insanların özləri də səy göstərməli və bunun yollarını tapmalıdırlar”.
Aynur Babazadə










































