"Hazırda qlobal miqyasda olduqca mürəkkəb, təhlükəli və eyni zamanda maraqlı geosiyasi proseslər baş verir. Bu proseslərin mərkəzində isə yeni dünya nizamının formalaşması dayanır. Artıq köhnə beynəlxalq sistem öz funksionallığını əhəmiyyətli dərəcədə itirib və dünya yeni güc balansı üzərində yenidən qurulma mərhələsinə daxil olub”.
Bunu AZXEBER.COM-a açıqlamasında "Orta Asiya və GüneyQafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.

Onun sözlərinə görə, xüsusilə son aylarda baş verən hadisələr yeni dünya düzəninin konturlarını daha aydın şəkildə ortaya qoyur:
"Tarixdən də bəlli olduğu kimi, "soyuq müharibə" dövründə dünya sosialist və kapitalist düşərgələrinə bölünmüşdü. Sosialist blokuna keçmiş SSRİ, kapitalist blokuna isə ABŞ rəhbərlik edirdi. Bu gün isə artıq sosialist düşərgəsi yoxdur və kapitalist dünyasının özü müxtəlif maraq mərkəzlərinə parçalanıb. Hətta ABŞ ilə Avropa arasında belə ciddi fikir ayrılıqları müşahidə olunur".
Siyasi şərhçinin fikrincə, belə bir şəraitdə yeni dünya nizamının formalaşması və yeni güc mərkəzlərinin ortaya çıxması həm zəruri, həm də olduqca mürəkkəb prosesdir:
"ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərləri məhz bu kontekstdə xüsusilə diqqət mərkəzində oldu. Çünki bu səfərlər bir-birini tamamlayan və yeni geosiyasi düzənin formalaşmasına hesablanmış strateji addımlardır. Heç şübhəsiz ki Trampın Çinlə apardığı danışıqlarda əsas mövzulardan biri İran məsələsi olub. Çünki ABŞ-nin İranla qarşıdurmada tam istədiyi nəticəni əldə edə bilməməsinin əsas səbəblərindən biri müəyyən qlobal güclərin Tehrana dolayı dəstəyidir. Xarici mediada yayılan məlumatlara əsasən, Çinin İrana siyasi və iqtisadi dəstəyi Tehran hakimiyyətinin ABŞ və İsrail qarşısında müqavimət imkanlarını daha da artırıb.
Bu baxımdan ehtimal olunur ki, Tramp Çin rəhbərliyi ilə İran məsələsində müəyyən razılıq əldə etməyə çalışıb. Lakin bu danışıqların nəticə verib-vermədiyi yaxın aylarda baş verəcək proseslər fonunda daha aydın görünəcək".
O bildirib ki, Rusiyaya gəldikdə isə, Moskvanın da Pekindən ciddi gözləntilərinin olduğu sirr deyil:
"Gləcək yeni dünya nizamında əsas güc mərkəzləri kimi Çin, ABŞ, Rusiya və Türk dünyası çıxış edəcək. Onun fikrincə, Türk dünyası bu sistemdə həm də İslam aləminin siyasi-strateji təmsilçisi rolunu oynayacaq.
Rusiya məhz bu səbəbdən güc mərkəzlərindən biri kimi önə çıxan Çinin öz yanında olmasına xüsusi önəm verir. Xüsusilə Ukrayna müharibəsinin yaratdığı siyasi və iqtisadi yük fonunda Moskva Pekindən daha açıq dəstək almağa çalışır. Bu baxımdan böyük ehtimalla Vladimir Putinin Çinə səfərinin əsas məqsədlərindən biri məhz strateji koordinasiyanın gücləndirilməsinə nail olmaqdır”.
Nadir Azəri əlavə edib ki, hazırkı mərhələdə əsas məsələlərdən biri də Çinin həm ABŞ-dan, həm də Rusiyadan qarşılıq olaraq nə istəməsidir. Onun fikrincə, Pekin Vaşinqtonla münasibətlərdə ilk növbədə Tayvan məsələsində gələcək addımlarla bağlı müəyyən təminatlar almağa çalışır. Lakin Donald Trumpın Tayvanla bağlı jurnalistlərin suallarına verdiyi ikibaşlı cavablar onu göstərir ki, Pekin və Vaşinqton arasında bu məsələdə hələ tam razılıq əldə olunmayıb. Rusiyaya münasibətdə isə Pekinin də Kremldən müəyyən strateji gözləntiləri var. Çin Rusiyanın öz sərhədlərinə yaxın bölgələrində iqtisadi təsir imkanlarını genişləndirmək, regional hegemonluğunu artırmaq və bu istiqamətdə daha çox dəstək almaq niyyətindədir. Bəzi xarici media orqanlarının məlumatlarında Pekinin həmin ərazilərlə bağlı əlavə maraqlarının olduğu da iddia edilir və Çin bu məsələlərdə daha çox Kreml, xüsusilə də Putin administrasiyasının dəstəyini əldə etməyə çalışır”.
Şahanə Ziyad











































