Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür.
Bəs görəsən Yeni ildən etibarən Azərbaycanda quru sərhədlərin açılması mümkündür? Bu baş verərsə hansı şərtlərlə həyata keçirilə bilər?
AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov BAKU.WS-in suallarını cavablandırıb.
Deputat bildirib ki, mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərin açılması məqsədəuyğundur:
"Nazirlər Kabineti tərəfindən bu istiqamətdə mütəmadi qiymətləndirmə aparılır. Məqsəd qəbul edilən qərarların Azərbaycanın təhlükəsizliyinə təsirləri müəyyənləşdirməkdir. Bu qərarlar qəbul edilən zaman birmənalı şəkildə Azərbaycanın və Azərbaycan vətəndaşlarının təhlükəsizliyi nəzərə alınır. Yeni dönəmdə bizim təklifimiz ondan ibarətdir ki, quru sərhədlər mərhələli şəkildə açılması məsələsinə baxılsın. Xüsusən də qonşu Gürcüstanla Azərbaycan arasında strateji münasibətlər var. Bu konteskdə mərhələli olaraq Gürcüstan və Türkiyə sərhədlərin açılması məqsədəuyğundur. Təbii ki, bütün hallarda bu məsələ Nazirlər Kabinetinin qiymətləndirməsinə əsasən həyata keçirilir".
Xatırladaq ki, Azərbaycanda COVID-19 pandemiyası ilə əlaqədar "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən qüvvəyə minib. Həmin ilin aprel ayından etibarən isə ölkənin quru sərhədləri bağlanıb və bu məhdudiyyət bir sıra digər qapanmalarla paralel şəkildə tətbiq olunub. Hazırda pandemiya ilə bağlı bütün məhdudiyyətlər ləğv edilsə də, quru sərhədlər artıq 5 ildir ki, bağlı qalmaqdadır.