Bu gün futzal üzrə dünya çempionatının Kolumbiyada keçirilən final mərhələsində növbəti oyunlar keçiriləcək.
Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsinin son 3 qarşılaşması baş tutacaq.
Bakı vaxtı ilə gecə keçiriləcək qarşılaşmalarda 1/4 finalın son iştirakçıları bəlli olacaq. Planetin 8 ən yaxşısı arasında düşməyə iddialılar arasında Azərbaycan millisi də yer alıb.
Mundialda debüt edən yığmamız ilk cəhdində irəlilədiyi 1/8 finalda Tailandla qarşılaşacaq.
Qrup mərhələsində Mərakeş (5:0), İspaniya (2:4) və İranla (3:3) mübarizədə 2-ci olan yığmamız tarixində ilk dəfə bu rəqiblə görüşəcək.
Asiyalılar da qrupu 2-ci yerdə başa vurub. Rəqibimiz Rusiyaya uduzsa da (4:6), Kuba (8:5) və Misir (2:1) üzərində qələbələrlə 1/8 finala yüksəlib. Ardıcıl 5-ci dəfə mundiala qatılan Tailand son yarışdakı uğurunu təkrarlayaraq, qrup səddini arxada qoyub.
Miltinyonun yetirmələri asiyalıları mübarizədən kənarlaşdırsa, 1/4 finalda Portuqaliya ilə görüşəcək. Pireneylilər 1/8 finalda Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Tailand – Azərbaycan oyunu Medelyin şəhərində keçiriləcək. Qarşılaşma yerli vaxtla 17:30-da, Bakı vaxtı ilə isə sentyabrın 23-ü saat 02:30-da start götürəcək.
Futzal üzrə dünya çempionatı
1/8 final
22 sentyabr
17:30. Tailand – Azərbaycan
Hakimlər: Fernando Qutyerres Lumbreras (İspaniya), Jianqiao Liu (Çin), Reks Kamusu (Solomon adaları), Lans Vanhaitsma (ABŞ)
Medelyin. Kolizeo İvan de Bedout