Yığmamız Şimali İrlandiyaya "2" verdi

İDMAN
10:25 12.10.2013
1117
Milli komandamız DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində nöbəti oyununu keçirib. 
AZXEBER.COM xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi komandamız Şimali İrlandiyanı qəbul edib.
"Bakcell Arena"da keçirilən qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 58-ci dəqiqədə Rüfət Dadaşov açıb. O, Rauf Əliyevin ötürməsindən sonra topu rəqib qapısından keçirib. 90+4-cü dəqiqədə Conatan Evans cərimə meydançası yaxınlığında Rauf Əliyevə qarşı kobudluğa görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Təyin olunan cərimə zərbəsini isə Mahir Şükürov qola çevirib.
Bu Azərbaycan və Şimali İrlandiya yığmaları arasında dördüncü qarşılaşma olub. Komandalar ilk dəfə DÇ-2006-nın seçmə mərhələsində eyni qrupa düşüblər. 2004-cü ilin 9 oktyabrında Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Həmin vaxt millimizi Karlos Alberto Torres çalışdırırdı. 2005-ci ilin 3 sentyabrında Besfaltdakı "Vindsor Park" stadionda baş tutan cavab qarşılaşmasında britaniyalılar 2:0 hesablı qələbə qazanıb. Bu oyunda millimizi meydana Vaqif Sadıqov çıxarıb. DÇ-2014-ün seçmə mərhələsinin ötən ilin 14 noyabrında "Vindsor Park"da keçirilən ilk oyunu isə 1:1 hesabı ilə başa çatıb. Rauf Əliyev 5-ci dəqiqədə hesabı açıb, 90+6-da isə David Heali bərabərliyi təmin edib. Bu gün millimiz ilk dəfə bu rəqib üzərində qələbə qazanıb.
Qeyd edək ki, bu yığmamızın DÇ-2014-ün seçmə mərhələsində ilk qələbəsi olub. 8 oyunun 1-də qələbə qazanan, 5-də heç-heçə edən və 3 dəfə uduzan Berti Foqtsun yetirmələri 8 xalla 4-cü pillədə qərarlaşıb. Komandamız seçmə mərhələnin son oyununu 4 gün sonra Bakıda Rusiyaya qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR