Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?

Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
SOSİAL
23:17 26.09.2026
113
Bakıda son günlər müşahidə olunan intensiv nəqliyyat sıxlığı yalnız yolların yüklənməsinə və hərəkətin ləngiməsinə səbəb olmur. Saatlarla tıxacda qalmaq, təyinat yerinə gecikmək və yolda yaranan gərginlik sürücülərin psixoloji durumuna da təsirsiz ötüşmür. Uzun müddət hərəkətsiz qalmaq səbrin tükənməsinə, əsəbiliyin artmasına, hətta bəzi hallarda sürücülər arasında mübahisə və qarşıdurmalara gətirib çıxara bilir.

Mütəxəssislər isə bildirirlər ki, tıxacın yaratdığı stress insanı yalnız sükan arxasında olduğu müddətdə müşayiət etmir. Yolda yaşanan gərginlik gün ərzində əhval-ruhiyyəyə, iş fəaliyyətinə, diqqətə və ətrafdakı insanlarla münasibətlərə də təsir göstərə bilər. 

Beləliklə, şəhərdəki nəqliyyat problemi təkcə yol və zaman məsələsi deyil, həm də insanların psixoloji rahatlığına təsir edən amilə çevrilir.

Məsələyə psixoloji aspektdən münasibət bildirən psixiatr Rövşən Hacıyev Bizim.Media-ya açıqlamasında qeyd edib ki, uzun müddət sükan arxasında qalmaq, səs-küy və vaxt itkisi insanın psixoloji ehtiyatlarını tükəndirir.

"Hazırda paytaxt sakinləri hər yerə tələsir. Tıxac insanın vaxta nəzarət hissini azaldır, gecikmə və narahatlıq yaradır. Sürücülər hər gün qarşılaşdıqları eyni vəziyyətə yenə aqressiv reaksiya verirlər. Siqnal vermək, qışqırmaq və mübahisə etmək yolu açmır, əksinə gərginliyi daha da yüksəldir. İnsanlar gündəlik həyatın digər problemlərini də avtomobilə gətirirlər. Nəticədə tıxac yığılmış stressin boşaldığı, aqressiyanın asanlıqla üzə çıxdığı mühitə çevrilir”.

"Tıxacın yaratdığı gərginlik evə, ailə münasibətlərinə və yuxuya daşınır”.

Psixiatr vurğulayıb ki, insan orqanizmi stressi yalnız yaşandığı anla məhdudlaşdırmır. 

"Təkrarlanan gərginlik orqanizmi davamlı həyəcan vəziyyətində saxlayır, yuxu pozuntusu, baş ağrısı, ürəkdöyünmə, əzələ gərginliyi və xroniki yorğunluq yarada bilər. Tıxac bitdikdən sonra belə insanın əsəb sistemi dərhal sakitləşmir. Bu gərginlik evə, ailə münasibətlərinə və yuxuya daşınır. İnsan növbəti günə dincəlmiş deyil, artıq yüklənmiş vəziyyətdə başlayır. Uzunmüddətli stress diqqəti və qərarverməni zəiflədir, əmək məhsuldarlığını aşağı salır.

Xroniki stress fonunda narahatlıq, əsəbilik, yuxu problemləri, diqqət və motivasiya azalması, emosional tükənmə yarana bilər. Uzun müddət davam edən gərginlik insanın psixoloji resurslarını tükədir və şəxsi, iş və sosial həyatını zəiflədir.

Tıxacın təkbaşına psixi pozuntu yaratdığını demək düzgün deyil. Ancaq gündəlik nəqliyyat stressi digər problemlərlə üst-üstə düşdükdə insanın daşıdığı psixoloji yükü ağırlaşdırır. İnsan bir müddət sonra sadəcə yorulmur, daim gərgin vəziyyətdə yaşamağa başlayır”.

Tıxacda yaranan dava-dalaşlar insanlararası münasibətlərə necə təsir edir?

"Tıxacda yaranan dava-dalaş zamanı emosional nəzarət zəifləyir. Təhqir, hədə və fiziki qarşıdurma insanın öz emosiyasını idarə edə bilmədiyini göstərən təhlükəli davranışlardır. Aqressiv reaksiya təkrarlandıqca davranış modelinə çevrilir.

İnsan bu gərginliyi ailəsinə, işinə və sosial münasibətlərinə daşıyır. Daha tez qıcıqlanır, qarşı tərəfin adi davranışını belə hücum kimi qəbul edir və konfliktə hazır vəziyyətdə yaşayır. Tıxacda yaranan aqressiya yolda qalmır. İnsan öz əsəbini idarə etmədikdə, əslində stressi ətrafındakı insanlara ötürür”, - deyə psixiatr əlavə edib.
OXŞAR XƏBƏRLƏR