Nizami Kino Mərkəzində komediya filmi “Yumurta”nın qala gecəsi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, rejissor Ramil Adiloğlunun fantastik-absurd komediya, macəra və utopiya janrında çəkdiyi filmdə baş rolları xalq artisti Arif Quliyev, aktyorlar Bəhram Bağırzadə, Nicat Rəhimov, Məcid Hüseynov, Fərda Xudaverdiyev, İlham Binəli, Elnur Hüseynov, Faiq Mirzə,Ramin Hacıyev, Ələsgər Məmmədoğlu, Teymur Məmmədov və başqaları canlandırıblar.Gecədə çıxış edən R.Adiloğlu filmlə bağlı xəbər verib:"Tamaşaçılar çoxlu güləcək. Bu günə kimi təqdim olunan filmlərdən fərqlənir. Çünki buradabol yumor var. Çəkilişlərə 1 il əvvəl başlamışdıq. Heç də asan başa gəlməyib. Bir çox çətinliklərlə qarşılaşdıq".
Film arxeoloq Tapdığın qazıntılar zamanı tapdığı, milyon yaşı olduğu iddia edilən, yumurtadan bəhs edir. Tapdığın mülahizəsinə əsasən, qədim tayfa başçısı, ona babalarından miras qalmış müqəddəs yumurtaları oğlu Duduya təqdim edir və onların ciddi qorunmasını tapşırır. Əks halda, yumurtalar sınarsa, böyük fəlakətin baş verəcəyini söyləyir. Təsadüfən Dudunun əlindən düşüb sınan yumurta, onu indiki dövrə gətirir...
Film aprelin 2-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaqdır.





