Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilmiş məlumata əsasən, cari ilin sentyabrın 17-də YUNESKO-nun Baş qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın bu qurumda daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək.
AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, YUNESKO hələ 2011-ci ildə “Arşın mal alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın mal alan” operasının yaradılmasını əks etdirən fotosərgi, həmçinin operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub. Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.