Yuxu, su, işıq və Həsən bəy Zərdabi

KÖŞƏ
13:07 08.10.2016
2558
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru
 
Tarixi şəxsiyyətlərin həyatının bədii təsviri müasir qəhrəmanların ədəbiyyatda əksindən daha çətin prosesdir. Məhz ona görə də yazıçıların əksəriyyəti həyatda gündəlik qarşılaşdığı insanların təsvirini ədəbi fakta çevirməyə çalışaraq çağdaş qəhrəmanlar yaradırlar. Çünki müasir ədəbi qəhrəmanı yazıçı daha yaxından müşahidə edə, mənəvi, psixoloji durumunu izləyə bilir və bu yaradıcılıq texnologiyası əlavə enerji itkisi yaratmır. Tarixi romanlar, povest və ssenarilərin yazılma prosesi isə xeyli mürəkkəbdir.
 
Artıq tarixin toz basan səhifələrindən günümüzə boylanan şəxsiyyətləri canlandırmaq yazıçıdan yüksək erudisiya, təhlil, dövrün ictimai-mədəni mühitini bilmək və üstəlik danışıq tərzini mənimsəmək tələb olunur. Tarixi şəxsiyyətlərin Azərbaycan ədəbiyyatına gətirilməsinin tarixi o qədər də qədim deyil. N.Nərimanov, M.S.Ordubadi, S.Vurğun, Y.V.Çəmənzəminli, Ə.Cəfərzadə, S.Rüstəmxanlı, Aqil Abbas, Fərman Kərimzadə kimi qələm ustadlarının yaradıcılığında xalqımızın tarixində mənfi, ya da müsbət rolu olan şəxsiyyətlərin obrazları canlanıb, povestlərə, cild-cild romanlara çevrilib. Bu qələm sahiblərinin sayəsində Sözün və Şərtlərin imkan verdiyi qədər bu tarixi şəxsiyyətlər ədəbi faktlara çevrilib. Əli Əmirli, Elçin Hüseynbəyli, Yunus Oğuz və bir çox müasir yazıçıların tarixi mövzulara müraciət etmələri ədəbi ənənələrin yaşadılmasına və inkişafına böyük töhfədir. Milli duyğuların təcəssümü olan şeirlər müəllifi, azərbaycanşünas alim Sona xanım Vəliyevanın Böyük Azərbaycan mütəfəkkiri, anadilli mətbuatımızın banisi Həsən bəy Zərdabi şəxsiyyətinə müraciəti XIX əsrin sonları XX əsrin əvvəlləri Azərbaycan tarixinə bir növ baş vurması, səyahət etməsi deməkdir. Çar Rusiyasının müstəmləkəçilik qanunları və ruslaşdırma siyasətinin yerlərdə hökm sürdüyü zaman milli şüura, ənənələrə sadiq, yenilikçi şəxsiyyətlərin yetişməsi, onların mücadiləsinin qələmə alınması vacib və olduqca məsuliyyətli işdir.
 
Xatırlamaqda fayda var ki, maarifçilik hərəkatının banisi, ilk xeyriyyə cəmiyyətinin qurucusu, milli teatrın və jurnalistika sisteminin yaradıcısı H.Zərdabi obrazı S.Vəliyevanın "İşığa gedən yol” romanına qədər öz ədəbi taleyini gözləyirdi. İndiyə qədər H.Zərdabi obrazı ədəbiyyatda işlənilməmişdir. Oxuculara yeni təqdim olunan bu əsərin əsas üstünlüyü ondadır ki, müəllif bədii təxayülünü sənədlər, tarixi faktlarla ümumiləşdirir və xronoloji ardıcıllığı qoruya bilir. "İşığa gedən yol”un ümumi, yığcam qiymətini müəyyənləşdirmək istəsək, aydın olar ki, əsər XIX əsrin sonu XX əsrin əvvəlki Qafqazın ictimai, siyasi, mədəni mühitinin ədəbi həll faktıdır.
 
Müəllif Həsən bəy Zərdabinin timsalında Azərbaycanın həmin dövr yaşantısını, siyasi, ictimai, mədəni və etnoqrafik obrazını yaradır. Uzunmüddətli yaradıcılıq işi olan "İşığa gedən yol” romanı Azərbaycan bölgələrinin vəziyyətini, ictimai problemlərini özündə ehtiva etməklə yanaşı həm də mətbuat və teatr tariximizin təsviri və tədqiqini əks etdirən sənədli əsərdir. Əsərin qəhrəmanının Zərdabdakı uşaqlıq illəri, Tiflisdəki gimnaziya həyatı, Moskva universitetində qarşılaşdığı təhsil və eşq hekayəti, Borçalıda, Qubada məmur obrazı və ən nəhayət xalqın maariflənməsi üçün Bakıda gördüyü çoxistiqamətli fəaliyyəti əsər boyu oxucunu yormur. Çünki əsərin dili olduqca rəvandır, anlaşılan və axıcıdır. Yüyrək bir dildə qələmə alınan bu irihəcmli romanın üstün cəhətləri çoxdur və onlardan biri də Həsən bəy Zərdabi və islam faktoruna yanaşma metodudur. Müəllif müasir dövrümüzə qədər gəlib çıxan, elmi-fəlsəfi, akademik araşdırmalarda tez-tez istifadə olunan H.Zərdabinin ateist olması iddiasını ciddi-cəhdlə əsaslandırmağa çalışanlardan fərqli yol tutur və həqiqəti ortaya qoyur.
 
Vaxtilə mədrəsədə ona dərs demiş Molla Məhəmmədlə görüşünü dialoq şəklində qələmə alan müəllif Zərdabinin heç də islam tarixinə, mədəniyyətinə biganə qalmadığını göstərir. "Molla, yadındadırmı bizə müxtəlif hədislər haqqında söyləyirdin, Peyğəmbərimiz nə buyurmuşdu? Buyurmuşdu ki, Əli elmin qapısıdır. Mən də həzrət Əlinin qapısını açdım, elmə, obama, həzrəti Peyğəmbərimizin, Əlinin buyurduğu, məsləhət bildiyi elmi, elmin işığını xalqımıza gətirməyə çalışdım. Tək dini təhsil imamı kamil öyrədə bilməz”. Hər yeni bir işə başlayanda Zərdabi üzünü Tanrıya tutur, ondan güc-qüvvət istəyir, dərdli, əzabkeş millətinə nicat diləyir: "Allahım mənə həyatda edə biləcəyim bütün işləri sən buyurdun, mənim taleyimi, həyat amalımı sən müəyyən etdin, indi mənə həm də yetərincə güc və iradə ver ki, sona qədər bu yolla gedə bilim”. Müəllif əsərin bir çox yerində Tanrı ilə H.Zərdabinin iç söhbətini qələmə alır və bununla da H.Zərdabinin timsalında müsəlman maarifçi, yenilikçi obrazının cizgilərini yaradır. Rusiyanın "çalxalanan dövrü”ndə Moskvada ali təhsil alan Zərdabinin Vera adlı rus qızı ilə yaşanan ilk gənclik macəralarını və Bakıya qayıdandan sonra yuxusunda ona aşina olan, adını gimnaziyanı bitirən qızların siyahısında gördüyü Hənifə xanım Abayevaya elçi düşməsini ümumiləşdirərək bədii yozum verən müəllif faktların bədiiləşdirilməsində heç bir mübaliğəyə yer vermir. S.Vəliyeva sənədlərə, memuarlara, dövrün mətbuat səlnamələrinə söykənir. Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın 1925-ci ildə qələmə aldığı xatirələrindəki fakta söykənərək müəllif Moskva universitetinin rektoru Solovyovun qızının timsalında Vera obrazını yaradır. Mənsub olduğu millətə xidmət borcunun tələb etdiyi şərtləri öz iç dünyasından keçirən əsərin baş qəhrəmanı Veraya olan məhəbbətindən keçməli olur. Çünki o buna məcburdur. Gözünün qarşısında anası Mənzər xanımın qardaşı çar generalı Fərəc bəy Ağayev durur. Rus ordusunda general rütbəsinə qədər rəşadətli hərbi yol keçmiş F.Ağayevin xristianlığı qəbul edərək rus xanımla evliliyinin gətirdiyi faciələr, bütün qohum-əqrəbanın ondan imtinası, milli məişətdən uzaqlaşdırılması Həsən bəyi ailə qurmaq məsələsində ehtiyatlı davranmağa sövq edir.
 
S.Vəliyeva sanki bununla bu gün xaricdə təhsil alan gənclərə üz tutur, H.Zərdabinin sevgi tarixçəsini misal gətirir və onlara öz xalqının gözəl xanımlarıyla ailə qurmasını bir növ tövsiyə edir. Həsən bəyi çılğın ehtirasla sevən Veranı Hənifə xanım Məlikova ilə müqayisə edən müəllif milli oyanışda, ilk anadilli qəzet təsisində, milli teatr, ictimai xeyriyyə cəmiyyəti yaratmaqda Veranın Həsən bəyə çiyin verəcəyini, dayaq olacağına inanmır. Və bununla da ömür-gün yoldaşı seçimində H.Zərdabinin yanaşmasını, iradəsini örnək göstərir. Romanın ən üstün cəhətləri həm də etnoqrafik etüdlərə kifayət qədər yer verilməsi və xalqın milli adət-ənənələrinin qorunmasına çağırışların olmasındadır. Türk-müsəlman xanımlarının geydiyi butalı əbanın təsviri, belə gümüş kəmər taxmaları, anaların övladlarının gələcəyi üçün hazırladığı cehiz sandığı, Novruz bayramı çərşənbələrin keçirilmə qaydaları əsər boyu xatırlanır və ədəbi obrazlarla cilalanır.
 
Qeyd etmək lazımdır ki, "İşığa gedən yol” milli mətbuat tariximizin bədii obrazlarla oxucuya çatdırılması üçün böyük mənbə rolunu oynaya bilər. "Əkinçi”nin çətinliklərlə ərsəyə gəlməsi, "Ziya”, "Ziyayi Qafqaziyyə”, "Kəşkül”, "Şərqi-rus”, "Həyat”, "Kaspi” qəzetlərinin fəaliyyəti və bu mətbu orqanlarının yaradıcılarının obrazları əsər boyu hadisələrin iştirakçılarına çevrilir, tarixdə oynadıqları rol xatırlanır. "Əkinçi”dən sonra 1883-cü ildə Tiflisdə Ünsizadə qardaşlarının nəşr etdikləri "Kəşkül”ün bağlanmasını təhkiyə üsulu ilə müəllif oxuculara Fərəc bəy Ağayevin dilindən bu cürə təqdim edir: "Bilirsiniz, mən bu xəbəri həyəcanla qarşıladım. "Əkinçi”dən sonra gözümüzü "Kəşkül”ə dikmişdik. Çox ciddi və ehtiyatlı iş görülsəydi, yenə də bəhanə tapacaqdılar”. F.Ağayevin təəssüf hissinə qatılan H.Zərdabi yeni anadilli mətbuatın yaradılması üçün bütün vasitələrdən istifadəni məqbul sayır. Ümid yenə də xeyriyyəçi, messanat, millət atası ünvanını alan Hacı Zeynalabdin Tağıyevə qalırdı.
 
Zərdabda sürgün həyatı yaşayan Həsən bəyi "Kaspi”yə dəvət edən də, sonradan "Həyat”ı yaradan da o oldu. Tarixi dəlillərə, faktlara söykənərək S.Vəliyeva dövrün qələm sahiblərinin öz ağsaqqal müəllimlərindən qidalandığını dönə-dönə xatırladır. Əsərin son bölümlərində H.Zərdabinin Bakı Dumasındakı fəaliyyəti, erməni daşnaklarının bəd niyyətlərinin qarşısının alınması, 1905-ci ildə Bakıda ermənilərin törətdikləri faciələr, "Kaspi”nin mərkəzi rus mətbuat orqanlarının yaydıqları böhtanlara cavabı və "Həyat” qəzetinin nəşri ardıcıl olaraq oxuculara çatdırılır. Xronoloji ardıcıllığın qorunması oxucunun bilgiləndirilməsinə xidmət edir ki, bu da müəllifin tarixi faktlara dəqiq yanaşmasının nəticəsidir. Ömrünü millət yolunda fəda edən H.Zərdabinin ölüm səhnəsinin təsviri də olduqca duyğulu, hüzünlü fikirlər və səhnələrlə qələmə alınıb: "Hənifə xanım onun əlini əlinə aldı, gülümsəyərək gözünü yumdu, sanki son dəfə dərindən nəfəs alırmış kimi bütün nəfəsini içinə çəkdi və bir daha geri qaytarmadı həmin nəfəsi. Bu an Hənifə xanımın ətürpədən hönkürtüsü evi başına aldı. Həsən bəy artıq gözlərini əbədi yummuşdu”.
 
Əsərin milli məzmunu həm də ondadır ki, oxucunu tək tarixi şəxsiyyətlərlə qarşılaşdırıb, onların həyat hekayələrini dinləməyə sövq etmir, türk mifoloji düşüncəsini mətnin iç qatına daxil edir. 600 səhifəlik əsərdə İşıq, Su və Yuxunun Həsən bəy Zərdabi ömürlüyündə oynadığı mifik rol fəlsəfi və bədii məzmun qazanır. İşıq Müstəqil Azərbaycandır. 1918-ci ilin mayında istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətidir. H.Zərdabi əsərin əksər hissələrində bu İşığa doğru addımlayır. Bu əzmkar obrazın bütün əməli fəaliyyəti məhz ona köklənib. Su aydınlıqdır. Əsərin qəhrəmanının Kürün, Xəzərin üzərində salınan körpü ilə İşığa doğru gedir. Müstəqil Azərbaycanın aydın yolu olduğuna müəllifin bir işarəsidir. Və ən nəhayət Yuxu mifik obrazıdır.
 
Yuxu şaman türklərində öngörmədir. Üzləşəcəyi bütün çətinliklər və bu çətinliklərdən qurtulmağın yolu Həsən bəyə bu Yuxularla çatdırılır.
 
S.Vəliyevanın bir qələm əhli, yazıçı kimi üstünlüyü bu üç mifoloji komponenti qəhrəmanın həyatı ilə bağlaya bilməsindədir. Və ən nəhayət Yuxu çin olur. Həsən bəy Zərdabi Azərbaycan Xalq Cümhuriyyətini və bu cümhuriyyətin siyasi varisi müstəqil Azərbaycanı ruhən görür və sevinir.

OXŞAR XƏBƏRLƏR

X Mostbet