Yuxularımız əslində bizə nə deyir?

MARAQLI
15:02 02.05.2023
341
Yuxular keçmişdə yaşadıqlarımız və gələcəkdə yaşanacaqlarla bağlı ən böyük xəbərçilərimizdir. Gün ərzində keçirdiyimiz stress, gələcəklə bağlı qayğılarımız, keçmiş travmalarımız bir çox hallarda gecələr gördüyümüz kabuslarda müxtəlif formada öz əksini tapır. 

Yuxu yozmaları isə qədim zamandan öz aktuallığını qoruyub saxlayır. Hər bir yuxunu dini və psixoloji cəhətdən yozmaq mümkündür. Bəzi mütəxxəsislər yuxunu adətən "ilahi mesaj” olaraq qiymətləndirirlər. Digərləri isə bunun beyində başladığını vurğulayırlar.

Yuxular yuxu zamanı yaranan görüntülər, fikirlər və ya hisslərdir. Gördüyümüz yuxuların bəzən şəxsi həyatımızla heç bir bağlılığı olmaya da bilir. Bəs biz niyə yuxu görürük? 

AZXEBER.COM xəbər verir ki, yuxu mütəxəssisləri bu sualın cavabını tapmaq üçün çalışırlar.  Yuxunun görülmə səbəbi ilə bağlı müxtəlif nəzəriyyələr mövcuddur:

1. Yuxu görmə yaddaşın möhkəmlənməsi ilə əlaqələndirilə bilər ki, bu da yuxunun məlumatı xatırlamağı gücləndirmək üçün mühüm koqnitiv funksiyaya xidmət edə biləcəyini göstərir.

2. Yuxu bəzi hallarda beynin emosiyaları idarə etmək metodunun bir hissəsi ola bilər.
Yuxu görmə dövrləri beynin qismən, səhv və ya lazımsız məlumatları təmizləmək üçün "düzləşmə" yolu ola bilər. Buna həmçinin "zehni təmzilik” də demək mümkündür.

3. Yuxu məzmunu son hadisələrin nəzərdən keçirildiyi və təhlil edildiyi təhrif olunmuş ani təkrar oynatma forması da ola bilər.

4. Təsadüfi beyin fəaliyyəti isə yuxunun heç bir əsas məqsədi və mənası olmayan əlavə məhsulu hesab olunur. 

Aparılan araşdırmalara görə, ən çox görülən yuxular adətən hündür mərtəbədən yıxılmaq, uçmaq, kimsə tərəfindən təqib olunmaq və yuxuda ayaqyoluna getmək istəməkdir.

Yuxuda hündür mərtəbədən yıxılmaq adətən real həyatda yaşadığımız yorğunluq, stress və gərginliklə əlaqələndirilir. Yaşadığınız çətinliklərdən qurtulmaq və uğura çatacağımıza yozulur.

Uçmaq isə sevincə və fərəhə yozulur. Təqib olunmaq isə real həyatımızdaki qorxu və narahatlığı ifadə edir. 

Gördüyümüz yuxuların yatmağımıza təsiri varmı? 

Yuxu görmək sağlam yatmağımızın göstəricisidir. Yuxu görməyin yatmağa heç bir mənfi təsiri yoxdur. Kabuslar isə istisnadır. Kabuslar qorxulu yuxulardır. Bu tip yuxular insanların həyəcanlı şəkildə yuxudan ayılması ilə nəticələnir. Tez-tez kabusların görülməsi isə şəxsdə psixoloji problemlərin yaranması ilə nəticələnə bilər. Bununla belə, həftədə 1 dəfədən artıq kabus görən insanlar, yatmaqla bağlı problem yaşayan insanlar mütləq şəkildə həkimə müraciət etməlidirlər. Həkim buna səbəb olacaq problemləri müəyyən edib pasiyentə aradan qaldırması üçün yardım edəcəkdir.  

Kabusları azaltmağın başqa bir yolu həm yuxu ilə bağlı vərdişləri, həm də yataq otağı mühitini əhatə edən yuxu gigiyenasını yaxşılaşdırmaqdır. Bunun üçün əməl etmək lazımdır:

1. Sabit yuxu cədvəliniz olmalıdır. Məcbur qalınmadığı müddət yuxu cədvəli pozulmamalı, hər gün  eyni vaxtda yatıb-durmağa diqqət göstərilməlidir. 

2. Yatmazdan öncə düşüncələrimizin məzmununa diqqət yetirilməli, qorxu və narahatlıq doğuran fikirlərdən uzaq durulmalıdır.

3. Yatmazdan öncə otaq havalandırılmalıdır.

4. Spirtli içki və kofeinlərdən uzaq durulmalıdır. Kofein yuxunun qaçması, spirtli içki isə kabus görmə riskini artırmaqla nəticələnə bilər.

5. Yataq otağında xoş aura yaradılmalı və diqqət yayındıran əşyalar uzaqlaşdırılmalıdır.

Oksana

OXŞAR XƏBƏRLƏR