"Öz doğma anamızı tək buraxmayaq və onu qoruyaq" - MÜSAHİBƏ

"Öz doğma anamızı tək buraxmayaq və onu qoruyaq" - MÜSAHİBƏ
GƏNCLİK
10:05 07.10.2011
2172

Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.

AZXEBER.COM portalı festivalda iştirak edən “Qisas” pyesinin müəllifi Qazax Nağının müsahibəsini təqdim edir.

Necə oldu ki, bu festivala qoşulmaq qərarına gəldiniz?

Mən də, düzünü desəm, internetdə festivalla bağlı elanları gördüm və qrupa üzv oldum. Daha sonra öz ssenarimi göndərdim və xəbər gəldi ki, ssenarim qəbul olunub.

Festivala qatılmadan öncə hansısa bir publisist yaradıcılıqla məşğul olmusunuz?

Xeyr, mən sadəcə həvəskar səviyyəsində bu festivala qoşulmuşam. Əslində, mənim Qarabağ haqqında, Azərbaycan haqqında yazılarım çoxdur. Sadəcə ilk dəfə idi ki, belə bir festivalda özümü sınamaq qərarına gəldim. Ümidvaram ki, gələcəkdə vətənim üçün çox böyük işlər görəcəyəm. Sizin üçün vətənpərvərlik nədir?

Vətənpərvərlik anlayışı çox böyük mənaları özündə gizlədir. Hazırda, bildiyiniz kimi, Azərbaycanımızın çox böyük dərdi var. Qarabağ hələ də düşməndədir. Mənim üçün vətənpərvərlik bizdən ayrı düşən, havasına, suyuna həsrət qaldığımız gözəl Qarabağımızı, nə yolla olursa, olsun, geri qaytarmaqdır. Bir gənc üçün bundan böyük məqsəd, məncə, olmamalıdır. Bizim Ramil Səfərov kimi, Mübariz kimi qəhrəmanlarımız var. Bax Azərbaycan gəncliyi onların yolunda irəliləməli və düşmənə layiqli cavabını verməlidir.

Siz vətənə xidməti təhsildə görürsünüz, yoxsa səngərdə silah tutmaqda?

Bu gün hər ikisi qəbulonunandır. Çünki savadlı və bilikli gənclərimiz bizi xaricdə müdafiə etməlidir, güclü ordu isə sərhəddə. Ona görə düşünürəm ki, hər ikisi elə vətənə xidmət etməyin bir real yoludur. Buna görə çalışmaq lazımdır ki, hansı yolla olursa, olsun, öz doğma anamızı tək buraxmayaq və onu qoruyaq.

Uşaq olarkən heç olubmu ki, hər hansı tanımadığınız bir əsgərə məktub yazasınız və ya ona hər hansı bir ehtiyac duyacağı kiçik hədiyyə göndərəsiniz?

Yox, məktub yazmamışam, ancaq bayramlarda sinif uşaqlarımızla birlikdə əsgərlərə diş fırçası və buna bənzər gündəlik lazım olan kiçik əşyalar göndərirdik. Bunun özü bizim üçün həmin dövrdə bir zövq idi. Hətta düşünəndə ki, həmin səngərdə duran əsgərimizə bu lazımdır və o buna görə sevinəcək, bu bizi daha da xoşbəxt edir.

Sizcə, festivala təqdim etdiyiniz “Qisas” pyesi layiqli yerini tutacaqmı?

Təbii ki, öz pyesimə çox güvənirəm. İnşallah, bu pyesi səhnələşdirəcək truppa ilə də görüşüb onlarla daha ətraflı danışacağıq. Bu festivalda birinci yer tutmaq üçün mübarizə aparacağıq və yəqin ki, buna nail ola biləcəyik. Sizə də minnətdarlığımı bildirirəm ki, belə bir layihəni keçirmisiniz. Bu, çox böyük bir işdir. Burada zəhməti keçən hər kəsə təşəkkürlərimi bildirirəm.

Söhbətləşdi: Əfsələddin Ağalarov

OXŞAR XƏBƏRLƏR