Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən olan şirkətlər Ermənistanın Avropa İttifaqı (Aİ) ilə inteqrasiyasının mümkün mənfi nəticələrini nəzərə alaraq, ona güvənə bilməyəcəklər.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Mənə elə gəlir ki, əgər Aİİ-nin artıq rəsmi İrəvan üçün maraq kəsb etmədiyi barədə bəyanatlar eşidilirsə, bu təkcə dövlət mövqeyi məsələsi deyil, həm də iqtisadi operatorların məsələsidir. Onlar özləri üçün müvafiq nəticələr çıxarırlar ki, o tərəfdəki tərəfdaşlar, görünür, bu məsələdə maraqlı deyillər”, - M.Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanla biznes əməkdaşlığının inkişaf perspektivləri bu məlumat nəzərə alınaraq qurulacaq.
Bundan əlavə, Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, belə şəraitdə Aİİ-nin biznes strukturları digər tərəfdaşlara yönələcək: "Onlar (biznes) başa düşürlər ki, artıq bu amili nəzərə alaraq hərəkət etmək lazımdır".