Noyabrın 8-də Azərbaycan 44 günlük Vətən savaşında qələbəsinin üçüncü ilini - Zəfər Gününü qeyd edəcək.
Zəfər Günü bu dəfə Xankəndi şəhərində keçiriləcək.
Hərbi paraddan sonra Zəfər Gününün Şuşada davam etməsi gözlənilir.
Bəs görəsən, Zəfər Günü Xankəndidə qeyd olunması dünyaya hansl mesajl verəcək?
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan Milli Məclisinin deputatı Hikmət Babaoğlu deyib ki, Zəfər Günün Xankəndidə keçirilməsi Azərbaycan dövlətçiliyinin təntənəsidir:
"Zəfər Gününün Xankəndidə qeyd edilməsinin nəzərdə tutulması hər şeydən öncə Azərbaycan dövlətçiliyinin, Konstitusiyanın bütün ərazidə tətbiq olunması hadisəsinin təntənəsidir. Nəhayət, bir əsrdən çox bir müddətdə Azərbaycan xalqı üçün süni şəkildə əlçatmaz hesab edilən Xankəndi Azərbaycan xalqının iradəsinin qürurudur. Amma bunun başqa bir əhəmiyyəti də var. Bu, eyni zamanda, qüdrətli Azərbaycan dövlətinin gücünün, hüquqi dövlət olmasının göstəricisidir ki, bu da dünyaya sülh mesajı vermiş olacaq".
Deputat əlavə edib ki, digər tərəfdən Zəfər Gününün Xankəndidə qeyd olunması bir daha Azərbaycanın sülhpərvər və hüquqi dövlət qurmasının göstəricisi kimi başa düşülməlidir:
"Azərbaycan bu gün Xankəndidə Zəfər Paradı keçirərkən, başqa bir tərəfdən Dövlət Miqrasiya Xidmətinin xüsusi səhifəsini yaratmaqla Qarabağda yaşayan ermənilərin güclü dövlətin vətəndaşı olması üçün hüquqi imkanlar yaradıb. Bu da xüsusi bir addımdır. Avropa İnsan Hüquqları İnstitutlarına, İnsan Hüquqları üzrə İxtisaslaşmış Avropanın beynəlxalq təşkilatlarına ermənilərin bu cür qüdrətli ölkənin vətəndaşı olmaq seçimi təklifi edilib. Bu mənada həm də Zəfər Gününün Xankəndidə qeyd olunması bir daha Azərbaycanın sülhpərvər və hüquqi dövlət qurmasının göstəricisi kimi başa düşülməlidir".
Mikayıl Mirzəzadə