Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi

Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
SOSİAL
20:27 08.11.2026
68
Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın dərk olunur. 8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsinin, sarsılmaz birliyinin və dövlətçilik əzminin təntənəsi kimi tariximizə əbədi həkk olunmuşdur. Bu möhtəşəm Qələbə təkcə uzun illər davam edən torpaq həsrətinə son qoyulması deyil, həm də Azərbaycanın öz gücünü, siyasi qətiyyətini və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Zəfərə gedən yol isə illərlə davam edən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, xalqımızın sarsılmaz vətənpərvərliyinin və milli həmrəyliyinin məntiqi nəticəsi olmuşdur.

Azərbaycan xalqı uzun illər torpaqlarının işğalı, doğma yurdlarından didərgin salınması, tarixi və mədəni irsinin dağıdılması kimi ağır sınaqlarla üzləşdi. 1988-ci ildən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasət nəticəsində yüz minlərlə soydaşımız öz doğma torpaqlarını tərk etməyə məcbur oldu. Bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatı yaşadı. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi abidələrimiz, məscidlərimiz və mədəniyyət nümunələrimiz vandalizmə məruz qaldı. Bütün bunlara baxmayaraq, xalqımız heç zaman torpaq itkisi ilə barışmadı, Qarabağa qayıdış ümidini və inamını qoruyub saxladı.

İşğal dövründə Azərbaycanın qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün bərpası idi. Bu məqsədə nail olmaq üçün dövlət səviyyəsində ardıcıl və məqsədyönlü siyasət həyata keçirildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi potensialının gücləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və müasir tələblərə cavab verən güclü ordunun formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqa əsaslanan sülh danışıqlarını davam etdirir, digər tərəfdən isə hərbi qüdrətini artıraraq mümkün hərbi ssenarilərə hazırlaşırdı.
Ordu quruculuğuna göstərilən xüsusi diqqət, hərbi büdcənin artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, yerli hərbi sənaye kompleksinin inkişafı gələcək Qələbənin mühüm əsaslarını formalaşdırdı. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri ölkənin iqtisadi gücünü artırdı, beynəlxalq nüfuzunu yüksəltdi və regional proseslərdə mövqelərini möhkəmləndirdi. Beləliklə, Zəfərə aparan yol yalnız hərbi hazırlıqdan deyil, iqtisadi inkişaf, siyasi iradə, diplomatik fəaliyyət və milli həmrəyliyin vəhdətindən keçirdi.

Təəssüf ki, uzun illər davam edən danışıqlar Ermənistanın işğalçılıq siyasətinə son qoymadı. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən dörd qətnaməsi icra olunmadı. ATƏT-in Minsk qrupunun fəaliyyəti də münaqişənin həllinə deyil, faktiki olaraq onun uzanmasına gətirib çıxardı. Azərbaycan beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiqliyini qorusa da, Ermənistanın davam edən təxribatları ölkəmizin təhlükəsizliyini ciddi şəkildə təhdid edirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və tarixə "Dəmir yumruq” əməliyyatı kimi düşən 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin təntənəsinə çevrildi.

Müharibənin ilk günlərindən Azərbaycan Ordusu böyük peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı bir-bir azad etməyə başladı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad edilməsi xalqımızda Qələbəyə olan inamı daha da gücləndirdi. Bu müharibədə Azərbaycan əsgərinin döyüş ruhu, vətənpərvərliyi və fədakarlığı bütün dünyaya nümayiş olundu. Hər bir hərbçimiz Vətən torpağının azadlığı uğrunda canından keçməyə hazır olduğunu əməli ilə sübut etdi.

44 günlük müharibənin ən möhtəşəm hadisəsi isə noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı hərbi baxımdan müstəsna əhəmiyyət daşımaqla yanaşı, böyük mənəvi və tarixi məna kəsb edirdi. Şuşanın azad edilməsi ilə Azərbaycanın Qələbəsi artıq qaçılmaz reallığa çevrildi. Məhz bu tarixi hadisə münasibətilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təsis edildi.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın hərbi-siyasi qələbəsi rəsmiləşdi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz geri qaytarılması ilə işğala son qoyulması istiqamətində mühüm mərhələ tamamlandı. Azərbaycan dövləti və xalqı 44 gün ərzində nümayiş etdirdiyi birlik, qətiyyət və əzmkarlıqla öz tarixi torpaqlarını azad etməyin mümkün olduğunu bütün dünyaya sübut etdi.

Vətən müharibəsinin əsas xüsusiyyətlərindən biri də xalq-ordu birliyinin misilsiz nümunəsini yaratması idi. Cəbhədə döyüşən əsgər və zabitlərimizlə yanaşı, arxa cəbhədə hər bir vətəndaş öz dəstəyini göstərirdi. Müharibə dövründə Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Dövlət başçısının qətiyyətli mövqeyi, aydın mesajları və diplomatik məharəti informasiya mübarizəsində də ölkəmizin üstünlüyünü təmin etdi. Müxtəlif siyasi baxışlara və dünyagörüşünə malik insanların milli maraqlar ətrafında birləşməsi isə "Dəmir yumruq” ifadəsini ümumxalq həmrəyliyinin rəmzinə çevirdi.

Lakin Azərbaycanın tarixi Qələbəsi yalnız 44 günlük müharibə ilə yekunlaşmadı. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində tam bərpa edildi. Sentyabrın 20-də əməliyyatın dayandırılması barədə razılıq əldə olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Bayrağını ucaltması isə dövlət suverenliyimizin bərpasının parlaq rəmzinə çevrildi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olundu.

Zəfərdən sonra qarşıda duran əsas vəzifə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, doğma yurdlarından didərgin düşmüş insanların təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Dağıdılmış infrastruktur yenidən quruldu, yollar, körpülər, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edildi. Tarixi və dini abidələrimizin bərpası istiqamətində mühüm layihələr həyata keçirildi.

2022-ci ildə təsdiq edilmiş Böyük Qayıdışa dair I Dövlət Proqramı bu prosesin sistemli və ardıcıl şəkildə həyata keçirilməsinə mühüm zəmin yaratdı. 2026-cı il oktyabrın 23-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə bərpa olunmuş yaşayış məntəqələrinə 40 min 922 nəfərdən ibarət 10 min 114 ailənin qayıdışı təmin edilib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu rəqəmlər bir zamanlar viran qoyulmuş torpaqlarda həyatın yenidən canlandığını, Azərbaycanın quruculuq missiyasının uğurla davam etdiyini göstərir.

Zəfərin böyüklüyü həm də ondan sonra həyata keçirilən sosial siyasətdə özünü göstərir. Şəhid ailələrinin, müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, reabilitasiya xidmətləri ilə əhatə olunması istiqamətində mühüm addımlar atılır. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlətin Vətən qarşısında borcunu şərəflə yerinə yetirən insanlara münasibətinin bariz nümunəsidir. Bu istiqamətdə "YAŞAT” Fondunun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır.
Tarixi Zəfərin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə mühüm layihələr həyata keçirilmişdir. 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı xalqımızın Qələbə sevincini və Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi. Hərbi Qənimətlər Parkı, Zəfər parkı və Zəfər muzeyi isə bu tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə 44 günlük Vətən müharibəsinin qəhrəmanlarının adlarının əbədiləşdirilməsi şəhidlərimizin xatirəsinə göstərilən ehtiramın ifadəsidir.

Bu gün Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. 2025-ci ildə Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş görüş və Birgə Bəyannamənin imzalanması regionda sülh gündəliyinin irəliləməsi baxımından mühüm nəticə oldu. Sülh müqaviləsinin imzalanması istiqamətində görülən işlər, nəqliyyat kommunikasiyalarının açılması perspektivləri Azərbaycanın regionda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunmasına verdiyi töhfəni göstərir.

8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik, qətiyyətli siyasi iradə və vətənpərvərlik hər bir xalqın ən böyük güc mənbəyidir. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın birliyi və dövlətimizin məqsədyönlü siyasəti hesabına qazanılıb. Ona görə də Zəfər yalnız keçmişimizin şanlı səhifəsi deyil, həm də gələcəyimizə istiqamət verən böyük mənəvi və siyasi dəyərdir.

Bu gün üçrəngli bayrağımızın Qarabağın hər bir guşəsində, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə dalğalanması xalqımızın illərlə gözlədiyi arzunun gerçəkləşməsidir. Əminliklə demək olar ki, 8 Noyabr Azərbaycan tarixində əbədi yaşayacaq, gələcək nəsillər bu möhtəşəm Qələbə ilə fəxr edəcək və onu qazanan qəhrəmanları daim ehtiramla xatırlayacaqlar. Zəfər Günümüz mübarək!

Akif Rəfiyev, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
20:46 08.11.2026
Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
20:36 08.11.2026
Bakı bulvarında Zəfər Günü münasibətilə konsert təşkil olunub - VİDEO
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
20:27 08.11.2026
Zəfərə aparan yol: Milli iradənin, birliyin və dövlət qüdrətinin təntənəsi
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
20:19 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
20:02 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - Yenilənib
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
19:53 08.11.2026
Misirdə iki qatar toqquşub, 140 nəfər xəsarət alıb
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
19:42 08.11.2026
Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
19:40 08.11.2026
Premyer Liqa: "Sabah" "Şamaxı" ilə oyunda xal itirib
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
19:35 08.11.2026
Şəhid Namiq Quliyevin əziz xatirəsində həsr olunmuş anım tədbiri keçirilib - FOTOLAR
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
19:27 08.11.2026
Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında Türkiyə lideri ilə görüşünə dair paylaşım olunub
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
19:16 08.11.2026
"Fənərbağça" səfərdə rəqibini darmadağın etdi
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:07 08.11.2026
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
18:55 08.11.2026
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
18:43 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
18:41 08.11.2026
Göygöldə Zəfər Günü qeyd olundu - FOTOLAR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik