Xəbər verdiyimiz kimi, Türkiyənin zəlzələ baş verən bölgələrindən 102 azərbaycanlı tələbə təxliyə edilib.
Elazığ tələbələrin sədri Nail Babayev AZXEBER.COM-un qonağı olub.
O baş verən zəlzələ haqda danışıb: Elazığda baş verən zəlzələ bütün azərbaycanlı tələbələri qorxuya saldı. Ölkə başçımızın sərəncamına əsasən azərbaycanlı tələbələrin bölgədən təxliyyə edildi. Zəlzələ baş verdiyi zaman biz hamımız küçədə idik. Qəfil baş verən titrəyişlə hər kəs qaçmağa başladı. Kimisi eyvandan özünü atır, kimisinin başına daş düşürdü. Şükürlər olsun ki, bizdən heç kimə xəsarət gəlmədi. Gecə səhərə qədər tələbələrimizin yaşadığı ünvanı tapıb, onların yanında olmağa çalışdıq. Açıq meydanda ocaq qalayaraq hamımız ətrafına toplaşdıq. Həmin gün əlaqə saxlamaq mümkün olmadı. Yalnız səhəri gün saat 12 radələrində telefonlara şəbəkə gəldi. Biz həqiqətən ölkə başçımızın gənclərə olan qayğı və diqqətini gördük. Xəbər gəldiyi zaman tələbələrimiz sevincdən nə edəcəklərini bilmirdi.
Elazığda təhsil alan tələbə Araz Zamanlı da Prezidentə təşəkkür edib:
Mən Elazığ şəhərində inşaat mühəndisliyi fakultəsində oxuyuram. Zəlzələ zamanı mən evdə oturmuşdum və qəfil şkafların, işığın silkələndiyini gördüm. Elə həmin an gödəkcəmi belə götürmədən tez küçəyə qaçdım. Qonşumuzda yaşlı bir kişi yaşayırdı, ilk olaraq ona yardım etdim. Daha sonra isə digər sakinlərə yardım etdim. Çox dəhşətli gün idi. O haqda danışanda çox həyəcanlanıram. Telefonlar düzələndən sonra ailələrimizlə əlaqə saxlaya bildik. Onlar bizdən çox narahat qalmışdılar. Prezident İlham Əliyevin göstərişindən sonra tələbələr təxliyyə edildi. Biz gənclər üçün əlindən gələni etdi. Bütün tələbələr adından Prezidentə təşəkkür edirik.
Tələbələrin videomüsahibəsini təqdim edirik: