Zəlzələdən sağ çıxan ailə danışdı: "Betonları dırnaqlarımızla..."

Zəlzələdən sağ çıxan ailə danışdı: "Betonları dırnaqlarımızla..."
DÜNYA
00:12 21.02.2023
865
Hatayda 4 mərtəbəli binanın dağıntıları altında qalan 4 nəfərlik ailə tapdıqları çuxuru əlləri ilə genişləndirərək öz imkanları ilə çölə çıxa biliblər.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraşda zəlzələlərin vurduğu Hatayda Adnan Turunç ilə həyat yoldaşı Gülcan və uşaqları Selen və Barancan Turunçun yaşadığı 4 mərtəbəli bina dağılıb.

1-ci mərtəbədə yaşayan ailə dağıntılar altında qalıb. Mobil telefon fənəri ilə çıxış axtaran ailə bir dəlik görüb və dırnaqları və əlləri ilə betonun dəliyini böyüdüblər. 4 nəfərlik ailə 4 saatdan sonra öz imkanları ilə dağıntılar altından xilas olub. 

Bir kəndə sığınan və AFAD-ın koordinasiyası ilə Dənizliyə gətirilən ailə Kredit və Pansiyonlar Təşkilatının yataqxanasına yerləşdirilib.

Zəlzələdə 20-dən çox qohumunu itirən Adnan Turunç deyib: 

"Zəlzələ zamanı uşaqlarım qonaq otağında, biz isə yataq otağında idik. Uşaqlarım qorxaraq yanımıza gəldi. Bir-birimizi qucaqlayıb gözlədik ki, zəlzələ bitsin. Bu anda ev üstümüzə çökdü. Nəfəs ala bilmirdik. Sonra həyat yoldaşımın mobil telefonuna zəng gəldi. Telefonu tapdıq və fənəri yandırdıq. Rahat nəfəs almağa başladıq. Qışqırdıq, amma heç kim səsimizi eşitmirdi. Telefonun işığı ilə dağıntılar arasında ətrafa baxdıq. Betonlar arasında bir dəlik olduğunu anladıq. Qırıntıları vurub dırnaqlarımızla dəliyi genişləndirdik. Təxminən 4 saat sonra oradan sağ çıxdıq. Lakin çöldə yağış yağırdı və hava çox soyuq idi. Ev geyimində idik, yağış da yağırdı. Sonra AFAD kömək etdi, Dənizliyə gəldik. Səhhətimizlə bağlı problemlərimizlə məşğul olacağıq və iş axtaracağıq. Həyatımıza davam etməliyik”.

Ayşən
OXŞAR XƏBƏRLƏR