Kahramanmaraşın Onikişubat rayonunda baş verən zəlzələnin 202-ci saatında Məhərrəm və Hidayət Polat cütlüyü qapalı qaldıqları binanın dağıntıları altından çıxarılıb.
AZXEBER.COM xəbər verir ki, zəlzələ zamanı 3 övladından ikisini, zəlzələnin 5-ci günü dağıntılar altında qalan altı aylıq körpəsini itirən cütlüyün hekayələri qanı dondurub.
Bursa Axtarış-Xilasetmə İdman Klubu Dərnəyi (BAKUT), Adapazarı Bələdiyyəsi personalı və Bursa Gürsu Axtarış-Xilasetmə qrupları tərəfindən Aktaş Yaşayış binasında aparılan işlərdə dağıntılar altından səs eşidildikdən sonra Məhərrəm və həyat yoldaşı Hidayet Polatla əlaqə saxlanılıb.
Komandaların çalışması nəticəsində əvvəlcə Məhərrəm Polat, daha sonra həyat yoldaşı Hidayət Polat dağıntılar altından çıxarılıb.
Cütlük həkimlər tərəfindən xərəyə qoyularaq təcili yardımla Kahramanmaraş Sütçü İmam Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.
Xəstəxanada müalicə alan Məhərrəm Polat dağıntılar altında yaşadıqları faciədən danışıb.
"Zəlzələnin ilk günündə telefonlar itmişdi. Zəngli saatı 08:45-ə qoymuşdum, zəng çalanda telefon çarpayının altında, çarpayı isə yerdə qalmışdı. Çarpayını qaldırıb telefonu götürdük və onun işığı ilə bir-birimizi görə bildik”.
Polat 2 övladının dağıntılar altında həyatını itirdiyini və qucaqlarındakı 6 aylıq körpələrini yaşatmaq üçün çox çalışdıqlarını bildirib:
"Biz dağıntılar altında heç nə yemədik. Vazelin tapdım, vazelin yedik. Təbii ki, bəla yaradacaqmı bilmirəm. Mənim 6 aylıq Muhammet Alparslan oğlum var idi, ağzımdan çıxardığım tüpürcəklə onu yedizdirməyə çalışırdım, həyat yoldaşımın südü də qorxudan dayanmışdı. Dağıntılar altında 5-ci günümüzdə 6 aylıq oğlum dözmədi, vəfat etdi. Nəbzini yoxladım, ürəyini dinlədim, səhər dünyasını dəyişdi”.
Dağıntılar altında 7-ci gündə qar suyuna çatdıqlarını bildirən Polat bu anları belə izah edib:
"Döşəmə parketdi. Birinci zəlzələdə yer bağlandı, ikinci zəlzələdə açıldı, bunu 7-ci gündə anladım. Yalnız oradan hava gəlirdi, çoxlu toz-torpaq var idi, ağzımızı, üzümüzü tuturdu. Zəlzələnin 7-ci günü saat 03:30-04:00 arasında "Hidayət dedim, burada nəsə var”. Əlimi qoydum, kərpic yaş, nəm. Qazdım, qazdım, gördüm su çıxdı, qar suyu. Onunla da su ehtiyacımızı ödədik”
Suyun çıxdığı yeri stul və kreslo parçaları ilə sındıraraq tavanla arasında boşluq açdığını izah edən Polat xilasedici qruplara onları tapmaq üçün şərait yaratdığını bildirib.
Ayşən