"Zəngəzur dəhlizini mütləq açmalıyıq. Zəngəzur dəhlizi yalnız iqtisadi deyil, həm də təhlükəsizlik baxımından önəmlidir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyənin Qaziantep Universitetində keçirilən ‘"Beynəlxalq Təhlükəsizlik Strategiyaları və İdarəetmə Konqresi” zamanı Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O bildirib ki, Zəngəzur dəhlizi mütləq açılmalıdır;
"Zəngəzur dəhlizi açıldıqdan sonra Çindən çıxan bir qatar 10-12 gün ərzində Avropaya çata biləcək. Azərbaycan öz ərazisində bütün hazırlıqları tamamlayıb. İnfrastruktur işlərini bitirmişik, heç bir problemimiz yoxdur. Problem Ermənistandakı 42 kilometrlik hissə ilə bağlıdır. Orada lazımi addımlar atılmadığı üçün proses uzanır”.
Deputat qeyd edib ki, Zəngəzur dəhlizi regionun bütövlüyü üçün strateji layihədir:
"Biz alternativlər üzərində də işləyirik. Bu xətt yalnız Azərbaycan üçün deyil, regionun bütövlüyü üçün strateji layihədir. .Dəhliz açıldıqdan sonra Qafqazdan Avropaya uzanan yeni bir marşrut olacaq”.
Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması siyasi və strateji inteqrasiya deməkdir:
"Son müharibələrdən sonra dəhlizin regionun ən təhlükəsiz xətti olduğu sübut edildi. Azərbaycan və Türkiyə bu xətt üzərindən nəqliyyat və ticarət təhlükəsizliyini təsdiqlədilər. Dəhlizin açılması Türk dünyasını fasiləsiz şəkildə bir-birinə bağlayacağıq. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi və strateji inteqrasiya deməkdir”.
Şahanə Ziyad











































