Zərifə Əliyeva - unudulmaz alim, mehriban ana, qayğıkeş insan!

Zərifə Əliyeva - unudulmaz alim, mehriban ana, qayğıkeş insan!
SİYASƏT
11:15 12.04.2023
582
1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.
Azərbaycanda ötən əsrin birinci yarısına qədər tibbin bir çox sahələri kimi oftalmologiya sahəsi zəif inkişaf etdiyindən insanlar göz xəstəliklərinin terapiyasından əziyyət çəkirdilər. XX əsrin ikinci yarısından başlayaraq isə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın xidmətləri sayəsində ölkəmizdə oftalmologiya elmi və göz xəstəliklərinin tədqiqatları inkişaf edən sahələrdən birinə çevrilmişdi. Xüsusən, XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyub.
Onun bu əməyi nəticəsiz qalmayıb. Azərbaycanda bu xəstəlikldən əziyyət çəkən yüzlərlə insan şəfa tapıb. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.
Akademik Zərifə Əliyevanın ömür yolunun ayrı-ayrı səhifələrinə nəzər saldıqda, həyatının hər sətri bizə fədakar ananın, ömür gün yoldaşının, insana xas ən ali keyfiyyətləri şəxsiyyətində bir araya gətirmiş əsl Azərbaycan qadınının, xalqını, vətənini canı qədər sevən gözəl ziyalının, təbabət elminə böyük töhfələr vermiş, yüzlərlə insanın gözlərinə işıq bəxş etmiş, dünya şöhrətli alimdir. Oftalmologiya ixtisasına bağlılığı həm də onun daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən irəli gəlirdi. Zərifə xanım Əliyeva insanları zülmətdən qurtarmaq, onların gözlərini nura boyamaq üçün əlindən gələni əsirgəmədi. İstedad, zəhmət və ağılla qazanılan uğurlar getdikcə zənginləşir və onlardan bütün cəmiyyətə pay düşürdü. Zərifə xanım Əliyeva da həyat uğurlarına bu keyfiyyətləri sayəsində nail olmuşdu. Bütün yüksək elmi titullarına, uzun illər cəmiyyətdə yüksək statusa rəğmən Zərifə xanım Əliyeva sadəliyi, təvözakırlığı həmişə qoruyurdu. O, insanlara təmənnasız yaxşılıqlar etməyi, kömək göstərməyi özünə borc bilirdi. Bu mənada Zərifə xanım Əliyeva elm üçün gözəl tədqiqatçı, ləyaqətli ömür gün yoldaşı, sadiq dost, qayğıkeş ana, həmvətənləri üçün isə əsl insanlıq nümunəsi idi.
Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Naftalan şəhər sakini İlhamə Hüseynova

OXŞAR XƏBƏRLƏR