Zibil qutusu, zirzəmi, yoxsa “Baby Box”? – Tərk edilən körpələr necə qoruna bilər?

Zibil qutusu, zirzəmi, yoxsa “Baby Box”? – Tərk edilən körpələr necə qoruna bilər?
SOSİAL
13:09 24.09.2026
185

Ötən gün ölkədə dəhşətli hadisə baş verib. 

Belə ki, qadın yeni doğulan körpəni boğaraq öldürüb.

Məlum olub ki, qadının öldürdüyü körpəni onun öz qızı dünyaya gətirib. Digər dəhşətli məqam isə budur ki, təqsirləndirilən şəxs uşağın meyitini əvvəlcə yardımçı tikilidə gizlədib, daha sonra həyətdəki tualet quyusuna atıb. 

Təəssüflər olsun ki, yerli mediada zaman-zaman yeni doğulan körpələrin küçədə, zibil qutularında və digər təhlükəli yerlərdə tərk edilməsi ilə bağlı məlumatlar yayılır. Belə hallarda körpənin həyatı birbaşa təhlükə qarşısında qalır və onun vaxtında aşkarlanması təsadüfdən asılı olur.

Bu cür hadisələr sadəcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində baş verir. Bəzi ölkələr belə halların qarşısını almaq üçün müəyyən tədbirlər görür. 

AZXEBER.COM xəbər verir ki, bir sıra ölkələrdə yeni doğulan körpələrin təhlükəsiz şəkildə təhvil verilməsi üçün "Baby Box” və ya "Baby Hatch” adlanan xüsusi məntəqələr yaradılıb. Bu sistemdə valideyn körpəni xəstəxana və ya digər qorunan ərazidə yerləşən xüsusi bölməyə anonim şəkildə təhvil verə bilir. Körpə yerləşdirildikdən sonra tibb və sosial xidmət əməkdaşlarına xəbərdarlıq edilir və uşaq dərhal onların nəzarətinə götürülür. 

Almaniyada ilk müasir "Baby Hatch” 2000-ci ildə Hamburqda yaradılıb. Yaponiyada isə 2007-ci ildən Kumamoto şəhərindəki Jikei Hospitalda "Stork’s Cradle” adlı sistem fəaliyyət göstərir.

ABŞ-da isə bunun başqa forması olan "Safe Haven” sistemi tətbiq edilir. Müxtəlif ştatların qanunlarına əsasən, valideyn yeni doğulmuş uşağı müəyyən edilmiş xəstəxana, polis və ya yanğınsöndürmə məntəqəsinə təhlükəsiz şəkildə təhvil verə bilər. 

Bu mexanizmlərin əsas məqsədi körpənin küçəyə, zibil qutusuna və ya digər təhlükəli yerə atılmasının qarşısını almaq, ən azı böhran vəziyyətində olan valideyn üçün uşağı təhlükəsiz şəkildə aidiyyəti qurumlara təhvil vermək imkanı yaratmaqdır.


Məsələ yalnız Azərbaycanda "körpə qutusu yaradılsın, ya yaradılmasın?” sualından ibarət deyil. Məlumat üçün bildirək ki, Azərbaycanda valideyn uşağın qayğısını təmin edə bilmədikdə və ya ondan imtina etdikdə, uşağın dövlət himayəsinə verilməsi ilə bağlı müəyyən hüquqi və sosial prosedurlar mövcuddur. Lakin görünən odur ki, bu xidmətlərdən xəbərdar olmayan və ya müraciət etmək istəməyən insanlar fərqli yollara əl atır. 

Fəridə Əsədzadə

OXŞAR XƏBƏRLƏR