Zimbabve Azərbaycandan kömək istəyir

Zimbabve Azərbaycandan kömək istəyir
SİYASƏT
21:58 29.07.2015
1351

Azərbaycanın Zimbabvedəki səfiri Elxan Poluxov bu ölkəyə rəsmi səfərin birinci günündə enerji və enerjinin inkişafı naziri Samuel Undenqe (Samuel Undenge) və onun müavinləri ilə görüşüb.

Gün.Az-a səfirlikdən bildiriblər ki, görüş zamanı E.Poluxov 2014-cü ildə Zimbabvenin xarici işlər naziri Simbarashe Mumbenqeqevenin Bakıya rəsmi səfərini xatırladaraq, səfər zamanı müzakirə olunan bir sıra məsələlərə toxunub.

Bildirilib ki, Azərbaycan tərəfi Zimbabve ilə enerji sahəsində əlaqələrin qurulması üçün hər zaman açıqdır və bunun üçün qarşılıqlı səfərlərin təşkil edilməsi zəruridir.

Həmçinin ölkəmizin, yerləşdiyi regionda lider dövlət olduğundan müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin mövcudluğu həmsöhbətin nəzərinə çatdırılıb.

Sonra səfir Azərbaycanda sürətlə gedən inkişaf prosesi və ölkəmizin ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verib.

Nazir Undenqe Azərbaycanın beynəlxalq aləmdə neft ölkəsi kimi tanındığı və bu sahədə geniş təcrübəyə malik olduğunu, rəhbərlik etdiyi nazirliyin bu təcrübədən bəhrələnmək arzusunu ifadə edib.

Qeyd olunub ki, Zimbabvenin qərbində bu yaxınlarda böyük təbii qaz yataqları açılıb və onların istismarı üçün ölkəyə təcrübəli mütəxəssislər tələb olunur, Azərbaycanın bu məsələdə köməyi çox dəyərli olardı. Həmçinin, nazir zimababveli neft və qaz sahəsindən olan mütəxəssislərin Azərbaycanda təhsil alınmasında maraqlı olduqlarını bildirib.

Sonra tərəflər bir sıra praktiki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR